• Bakı 16° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9757

    RUB - 2.3291

Tərəflər müharibəyə öyrəşib: Heç kim geri çəkilmir

DÜNYA

19 May 2026 | 14:29

Tərəflər müharibəyə öyrəşib: Heç kim geri çəkilmir

“Rusiya və Ukrayna müharibəsi ilə bağlı üfiqdə təəssüflər olsun ki, sülh görünmür”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, tərəflər öz iddialarından geri çəkilmirlər:

“Digər tərəfdən görünən odur ki, tərəflər, ən azından Rusiya artıq bu müharibəyə öyrəşib. Düzdür, illərlə davam edən müharibə hər iki tərəf üçün ciddi itkilərə səbəb olub. Məsələ ondadır ki, son günlərdə cəbhə xəttində irimiqyaslı hücumlar olmur, sadəcə olaraq, lokal toqquşmalar baş verir, PUA hücumları həyata keçirilir ki, bu da itkilərin çox olması ilə nəticələnmir. O baxımdan, Rusiya insan potensialı baxımından hazırda o qədər də zərər çəkmir. Ölkənin iqtisadi durumu da müharibəyə indiki vəziyyətdə tab gətirir. Ona görə də Moskva öz tələblərindən vaz keçmir”.

Müsahibimizə görə, Ukraynada isə vəziyyət bir qədər fərqlidir:

“Düzdür, Ukrayna Rusiyanın mühüm infrastrukturuna mühüm zərbələr endirir. Ukrayna ordusu əhəmiyyətli güc və təcrübə qazanıb. Lakin görünən odur ki, bu, Kreml üçün ciddi risk yaratmır. Belə vəziyyətdə Ukrayna nə qədər müqavimət göstərsə də, ölkənin vəziyyəti, düşdüyü durum heç də qənaətbəxş deyil. Ukraynada iqtisadi çətinliklər həddindən artıq çoxdur. Nəzərə alaq ki, müharibə də məhz Ukrayna ərazisində baş verir. Əlbəttə, Kiyev istəyər ki, müharibə bitsin, sülh olsun. Lakin indiki şərtlər daxilində savaşı bitirmək asan deyil. Tərəflərin öz mövqeyində dəyişiklik edəcəyi də inandırıcı görünmür”.

İlqar Vəlizadə: Rusiya-Ukrayna müharibəsində sülh görünmür

İ.Vəlizadə əlavə edib ki, Ukrayna ABŞ-ni Avropa İttifaqı ilə əvəzləmək istəyir:

“Çünki Kiyevin əsas dəstəkçisi məhz Avropa ölkələridir. ABŞ-nin aparıcı funksiyası ön mövqeyini itirib. Donald Tramp daha çox öz şəxsi mövqeyindən çıxışlar edir. Bu səbəbdən, Kiyev Rusiya ilə danışıqlar masasında ABŞ-ni yox, Aİ-ni görmək istəyir. Yəni hazırda pat vəziyyəti yaranıb”.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski də bildirib ki, Avropa Amerika vasitəçiliyi çərçivəsində Rusiya ilə danışıqlarda iştirak etməlidir. Onun sözlərinə görə, Avropanın bu prosesdə güclü səsə və iştiraka sahib olması vacibdir:

“Avropa İttifaqı Ukraynaya maliyyə və maddi yardımın əsas hissəsini təmin etsə də, hazırda dalana dirənmiş danışıqlardan kənarlaşdırılıb. Bəzi üzv dövlətlər bunu Avropanın iştirakını artırmaq üçün bir fürsət kimi görürlər, lakin Estoniya kimi ölkələr buna qarşı çıxırlar”.

Ukrayna rəhbəri vurğulayıb ki, Kiyev Rusiyanın müharibəni uzatmasına, şəhər və qəsəbələrimizə hücumlarına verdiyi cavablarda haqlıdır. Qeyd edək ki, bu gün Ukrayna ordusu Moskvaya kütləvi PUA hücumları təşkil edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

18 May 2026