Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Milli Məclisin insan hüquqları komitəsinin iclasında tibb müəssisələrindəki aparatların düzgün işləmədiyini, bunun nəticəsində insanlara səhv diaqnoz qoyulduğunu deyib. Onun bu çıxışı cəmiyyətdə böyük müzakirələrə səbəb olub.

Eyyub Hüseynov, AİB sədri
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu, illərdir AİB-in diqqətində olan məsələdir: “Bütün cihazlar, o cümlədən tibb cihazları ildə bir dəfə etalonla müqayisə olunmalıdır. Təsadüfi deyil ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyi bir neçə klinikada rentgen cihazlarının fəaliyyətinə qadağa qoyub. Orda radiasiya təhlükəsinin olduğu müəyyən olunub. Nədənsə ildən ilə ölkədə istehlakçı hüquqları məsələsi arxa plana keçirilir. Təsadüfi deyil ki, 19 may 2021-ci ildə Nazirlər Kabinetinin 343 saylı qərarı da ləğv olunub. Bu qərar yüzdən çox mal və xidməti əhatə edirdi ki, onlar ölkənin əmtəə bazarına girməzdən öncə təhlükəsizliyi təmin olunmalıdır. Bura ev tikmək üçün lazım olan armatur, sement, elektrik və tibb cihazları və s. daxildir. İldən-ilə istehlakçı siyasətinin gerilədiyi, standart işinin könüllü olduğu şəraitdə klinikalar onlara məxsus cihazları ya etalonlarla tutuşdurmur, ya da saxta sənədlər təqdim edirlər. İstehlakçıların özləri də etiraf edirlər ki, bizi düzgün yoxlamırlar. Bu anormal vəziyyət ölkədə davam edir”.
Müsahibimiz qeyd edib ki, bu sahədə ictimai nəzarət sıfır, çox əcaib vəziyyətdədir: “Ona görə insanların sağlamlıq məsələsi təhlükə altındadır. Hansı klinikaya getsək, bizi bahalı cihazlardan keçməyə yönəldirlər, lakin o cihazların necə işlədiyini heç həkimlərin özləri də bilmir. Guya ki, sahibkarlar onları hansısa yoxlamalardan keçirirlər. Halbuki ölkədə o qədər etalon yoxdur”.
AİB sədri bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Standartlar İnistitutu ilə də söhbət etdiyini detib: “Bu, könüllüdür, kim istəyər keçirər, kim istəyər keçirməz. Belə bir vəziyyətdə Azərbaycan istehlakçılarının həyatı təhlükə altında qalır. Biz bunun nəticəsini insanların klinikalarda, apteklərdə, xarici ölkələrin xəstəxanalarında növbədə olmasında görürük. Səhv diaqnozlar, qan və digər ekspertizalarda istifadə olunan reaktivlərin nə dərəcədə təzə olub olmaması məsələsi və s. bunlar hamısı sual altındadır. Çox təəssüflər olsun ki, səhiyyə ilə məşğul olan qeyri-hökumət təşkilatları heç bir addım atmır. Ölkədə ictimai nəzarət deyilən “kabus” gəzir”.
E.Hüseynovun sözlərinə görə, bütün bunlar sual altında qalan məsələlərdir. “AİB hökumətə, sğlamlıqla məşğul olan dövlət orqanlarına çağırış edir, bu məsələ həll olunmalıdır”.

Adil Qeybulla, Tibb elmləri doktoru
Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bütün tibb avadanlıqlarının mütəmadi olaraq tənzimlənməsi və yoxlanışı aparılmalıdır: “Bu zaman onların dəqiqliyi, spesifikliyi, həssaslığı və digər göstəriciləri yoxlanılmalıdır. Hər bir aparatın xüsusiyyətləri müxtəlifdir. Misal üçün, bəzi instrumental aparatların tənzimlənməsi ildə bir dəfə olunmalıdır. Bunun olunmaması, əlbəttə, nəticələrdə səhvə gətirib çıxara bilər”.
A.Qeybulla hesab edir ki, laboratoriyalarda tənzimlənmələr aparılır, digər avadanlıqlar da mütəmadi olaraq yoxlanılır:
“Məndə bu işlərin aparılmaması ilə bağlı məlumat yoxdur. O baxımdan, bununla bağlı bir şey deyə bilmirəm. Ancaq onu bilirəm ki, bu tip tənzimlənmələr hər il mütləq aparılmalıdır”.

Zamirə Ədilova, TƏBİB-in mətbuat katibi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Zamirə Ədilova isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, TƏBİB-in tabeliyində olan Bakı və ətraf regionlarda yerləşən tibb müəssisələrində (xəstəxana, stasionar müəssisələr, tibb mərkəzləri və s.) TƏBİB-in aidiyyəti qurumlarla əməkdaşlığı çərçivəsində mütəmadi olaraq monitorinqlər aparılır:
"Tibb müəssisələrində istifadə olunan cihaz və avadanlıqlar (rentgen və diaqnostik cihazlar, kardiomonitor, ultrasəs müayinə cihazı və s.) yoxlanılır, norma və qaydalara uyğunlaşdırılması təmin olunur". Tibb müəssisələrində norma və qaydalara uyğun olmayan avadanlıq və cihazların istifadəsi qadağan edilir.
Aytac Aslan












gif-1681287843.gif)



