Bu gün sosial şəbəkələr arasında ən çox istifadə olunan “TikTok”dur. Hansı ki, kimi əylənmək üçün, kimi pul qazanmaq, kimi başını qatmaq, vaxtını keçirmək üçün bu platformadan istifadə edir.
“TikTok”un alqoritmasının daha asan olması isə insanlar arasında daha tez və daha çox populyarlaşmasına səbəb olub. “TikTok”un əxlaqsız bir platforma olmasından şikayətlənənlər və ölkəmizdə girişinin qadağan edilməsini istəyənlərin sayı da heç az deyil.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən texnobloger Fərid Pərədşünas bildirib ki, “TikTok”da uyğun olmayan məzmunlar olsa da, onun tam olaraq əxlaqsızlıq platformasına çevrildiyini demək olmaz.
Müsahibimizə görə, uyğunsuz məzmunların olması platformanın deyil, cəmiyyətin günahıdır. F.Pərdəşünas bunun cəmiyyətdən gələn sosial sifariş olduğunu söyləyib və nəzərə çatdırıb ki, sosial şəbəkələr sosial sifarişlər əsasında işləyir.
Həmsöhbətimiz qeyd edib ki, sosial şəbəkələr insanların nəyə marağı var, nəyi daha çox izləyirlərsə, o məzmunları ön plana çıxarır:
“Təəssüf ki, bizim cəmiyyətdə də bu tipli məzmunlar ön plandadır. Qadın bədəni üzərindən qurulan kommunikasiya daha effektiv olur. Bu, təkcə “TikTok” üçün belə deyil. “İnstagram”da da baxsanız, orada da eyni mənzərənin şahidi olarsınız ki, insanlar belə yollara əl atırlar və öz bədənləri üzərindən kommunikasiyanı həyata keçirirlər. Bunun düz və ya yanlış olması fərqli fikirlərə görə təbii ki, dəyişir”.
Fərid Pərdəşünas: İnsanların nəyə marağı varsa, sosial şəbəkə onu önə çıxarır
Pərdəşünas hesab edir ki, hər bir platforma zamanla daha da yaxşı səviyyəyə gəlir. Dediyinə görə, “Facebook”, “İnstagram”da bu cür başlamışdı:
“Amma zamanla düzəldilər. “TikTok” hazırda ölkədə lider platformalardan biridir. Amma təəssüf ki, bundan konkret bir çıxış yolu yoxdur. Sadə çıxış yolu cəmiyyətin maariflənməsi və inkişaf etməsidir ki, gələn sosial sifarişdə normal olsun”.
Mina Mikayılova