İstanbul Texniki Universitetinin professoru Hüseyn Toros ölkəni gözləyən dəhşətli istilərlə bağlı xəbərdarlıq edib.
Bakıvaxtı.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, Toros bildirib ki, bu dəfə isti hava dalğası ölkənin şərqinə Ərəbistan yarımadasından, qərbinə isə Afrikadan daxil olacaq. Buna görə də istilərin təsiri bölgələr üzrə fərqli hiss ediləcək:
“Cənub-Şərqi Anadoluda əsas təhlükə yüksək hava temperaturu olacaq. İstanbul və Mərmərə bölgəsinin sahilyanı ərazilərində isə yüksək rütubət səbəbindən hiss olunan temperatur daha da artacaq. Avqustun 3-də İstanbulda temperaturun 30, avqustun 4-də isə 32 dərəcəyə çatacağı gözlənilir. Çərşənbə günündən etibarən Cənub-Şərqi Anadoluda temperatur 40 dərəcəni keçəcək, ölkənin digər bölgələrində isə mövsüm normasından yüksək olacaq”.

Professor xatırladıb ki, Türkiyənin ən isti ili 2024-cü il olub və orta temperatur 15,3°C təşkil edib. Ən soyuq il isə 1992-ci il olub və həmin il orta temperatur 11,4°C səviyyəsində qeydə alınıb.
Onun fikrincə, Türkiyədə müşahidə olunan uzunmüddətli istiləşmə tendensiyası qlobal iqlim dəyişikliyi ilə üst-üstə düşür. Gələcək illərdə isti hava dalğalarının daha tez-tez baş verməsi, daha uzun sürməsi və daha güclü təsir göstərməsi gözlənilir. Bu isə cəmiyyət, şəhərlər, su ehtiyatları, kənd təsərrüfatı və enerji sistemi üçün ciddi nəticələr yarada bilər.
Professor isti hava şəraitində hər kəsin ehtiyatlı davranmasının vacibliyini vurğulayıb. O bildirib ki, yaşlılar, uşaqlar, tək yaşayan insanlar və xroniki xəstəlikləri olan şəxslər daha yüksək risk daşıyırlar. Xüsusilə ürək-damar, tənəffüs və maddələr mübadiləsi xəstəliklərindən əziyyət çəkən insanların isti hava dövründə əlavə tədbirlər görməsi tövsiyə olunur.
Qeyd edək ki, mütəxəssislər isti hava şəraitində aşağıdakı qaydalara əməl etməyi məsləhət görürlər:
- Günün ən isti saatları olan 11:00–16:00 aralığında zəruri olmadıqca açıq havada uzun müddət qalmayın.
- Kifayət qədər su qəbul edin.
- Açıq rəngli, yüngül və hava keçirən geyimlər seçin.
- Birbaşa günəş şüaları altında uzun müddət qalmaqdan çəkinin.
- Fiziki fəaliyyətləri səhər erkən və ya axşam saatlarına planlaşdırın.
Bakı 



