Son illərdə Azərbaycan tarixi əhəmiyyətə malik bir dövr yaşayır. 30 ildən artıq davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpa olunması yalnız hərbi və siyasi deyil, eyni zamanda iqtisadi, sosial və geostrateji sahələrdə də yeni bir mərhələnin əsasını qoydu.
Bu mərhələ "Böyük Qayıdış" konsepsiyası ilə müşayiət olunaraq, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələrin icrası ilə xarakterizə olunur. Bu proses təkcə Azərbaycanın daxilində deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük maraq və dəstək doğurur.
Xüsusilə regionda sabitliyin və sülhün təmin olunması üçün atılan addımlar, quruculuq və inkişaf işləri yalnız ölkəmizin daxili potensialı ilə deyil, həm də yaxın və strateji tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycanın qardaş ölkələri olan Türkiyə və Pakistan bu prosesdə xüsusi yer tutur. Onların siyasi dəstəyi, iqtisadi əməkdaşlığı və mənəvi həmrəyliyi azad edilmiş ərazilərin dirçəldilməsində mühüm rol oynayır.
Məhz bu kontekstdə Laçın Beynəlxalq Hava Limanının açılması və bu tarixi mərasimdə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birgə iştirakı təkcə regional deyil, beynəlxalq miqyasda da mühüm bir hadisə kimi dəyərləndirilir. Bu iştirak həm strateji əməkdaşlıq modelinin möhkəmlənməsi, həm də regionda sülh, inkişaf və qarşılıqlı etimadın güclənməsinə yönəlmiş birgə iradənin nümayişi kimi çıxış edir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bir gün öncə iki mühüm tarixi hadisə baş verdi. Bunlardan birincisi Laçın şəhərində hava limanının açılması, ikincisi isə bu mühüm açılış mərasimində və sonrasında keçirilən tədbirlərdə Azərbaycanın ən yaxın müttəfiq və qardaş ölkələrinin liderlərinin iştirakı oldu. Bu hadisə, eyni zamanda, Böyük Qayıdış prosesinə və ona olan beynəlxalq dəstəyə verilmiş aydın bir mesaj kimi dəyərləndirilə bilər:
"Azərbaycan Prezidenti bu açılış zamanı bildirdi ki, bu tədbir dünyaya verilən mühüm bir mesajdır. Türkiyə-Pakistan-Azərbaycan üçbucağının yerləşdiyi geostrateji məkan və regional mövqe baxımından üç ölkənin liderlərinin birgə iştirakı Azərbaycanın gələcək planlarının, xüsusilə də sülhə xidmət edən kommunikasiyaların açılması layihələrinin geniş coğrafiyada dəstəkləndiyini göstərir".
Hikmət Babaoğlu: Laçın görüşü üçtərəfli əməkdaşlığın dərinləşməsində yeni bir səhifə kimi yadda qaldı
H.Babaoğlu onu da əlavə edib ki, bu cür layihələr, eyni zamanda, ölkəmizin iqtisadi qüdrətinin və milli gücünün artırılmasına xidmət edir. Şübhəsiz ki, bu tarixi mərhələdə təhlükəsizliyin təmin olunması həm iqtisadi inkişafın, həm də milli maraqların qorunmasının əsas şərtidir. Bu baxımdan tədbirin özü də mühüm bir təhlükəsizlik mesajı idi:
"Əslində, üç ölkənin liderləri bütün dünyaya göstərdilər ki, cəmi beş il əvvəl müharibə meydanı olan, militarizasiya edilmiş bu bölgədə bu gün Azərbaycan sülh qurur, kommunikasiyalar bərpa olunur, turizm inkişaf edir və regional potensial iqtisadi dövriyyəyə cəlb olunur. Bu isə yalnız Azərbaycan üçün deyil, bütün region üçün mühüm əhəmiyyət daşıyır. Bu hadisə, eyni zamanda, üçtərəfli əməkdaşlığın dərinləşməsində yeni bir səhifə kimi yadda qaldı. Gələcəkdə də Türkiyə-Azərbaycan-Pakistan formatı həm regionun sabitliyi, həm də hər üç ölkənin rifahı və iqtisadi inkişafı baxımından daha böyük imkanlar vəd edir".
Əli Hüseynov