“Türkiyədə baş vermiş güclü zəlzələ hər birimizi sarsıtdı. Bu gün qardaş Türkiyə ilə birlikdə Azərbaycan da bu faciəyə ağlayır. İnsanlarımız matəm içindədir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
Millət vəkili qeyd edib ki, qardaş ölkənin çətin günündə Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlarla ölkəmiz əlindən gələni edir: “Hər bir azərbaycanlı Türkiyə ilə birlik nümayiş etdirir. Başqa cür ola da bilməzdi. Böyük dağıntılara və minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətdən sonra dünyanın bir çox ölkələri Türkiyəyə öz kömək və yardımlarını təklif etdilər. Azərbaycan Prezidenti İlham Əliyev isə yardım barədə çağırış gözləmədən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrindən ibarət heyətin göndərilməsi barədə tapşırıq verdi. Şəxsi heyətlə yanaşı, zəlzələ bölgəsinə böyük həcmdə xilasetmə avadanlıqları, humanitar yardımlar göndərilib. Bu yardımların göndərilməsi hazırda da davam edir”.
Deputat bildirib ki, Türkiyə hər zaman bizə dəstək olub və olur: “Biz də həmişə hər yerdə Türkiyəyə dəstək nümayiş etdiririk. Qardaşlıq bu cür olmalıdır. İndiki vəziyyətdə də dövlətimizin Türkiyəyə operativ dəstəyini yüksək qiymətləndirirəm. Eyni zamanda, xalqımızla fəxr edirəm və qürur duyuram ki, hər hansı təbliğ kampaniyası aparmağa ehtiyac olmadan hər kəs öz üzərinə düşən qardaşlıq borcunu yerinə yetirməyə çalışır”.
Müsahibimizin sözlərinə görə, Prezident İlham Əliyevin məxsusi olaraq Türkiyə səfirliyini ziyarət etməsi və dünyasını dəyişənlərlə bağlı türk xalqına başsağlığı verməsi, xalqlarımızın ən çətin anlarda birlikdə olmalarının nümunəsidir: “Cənab Prezidentin “Əgər bir balaca köməklik göstərə bilmişiksə, bu, bizim üçün ən böyük şərəfdir” kəlməsi isə təvazökarlığın ən yüksək nöqtəsidir”.
Nuranə Daxilqızı





gif-1678521581.gif)










