Qarşıdan yay gəlir. Bəziləri artıq yay üçün planlarını qurublar. Bir çoxu üçün bu planları bölgələrimizə turlar təşkil edir.
Hər sahədə olduğu kimi, bu sferada da dələduzların sayı kifayət qədər çoxdur.
Sosial şəbəkələrdə istənilən sayda səhifə var ki, turlar təşkil etdiklərini iddia edirlər.
Bəs vətandaşlar seçim edərkən nəyə diqqət etməlidirlər ki, aldanmasınlar?

Göydəniz Qəhrəmanov: İnsanlar mütləq şirkətlə müqavilə imzalamalıdırlar ki...
Bu barədə Bakıvaxtı.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun sözlərinə görə, hər il yay mövsümündə “turizm şirkətləri” müxtəlif reklam çarxları və s. məlumatları bölüşürlər, sonda isə istənilən keyfiyyət dərəcəsini həyata keçirə bilmirlər və ya turlarla bağlı problemlər yaşanılır:
"Onlar telefonu söndürürlər, itib-batırlar, xoşagəlməz problemlər yaşanır, turistlərin bütün istirahətləri, səfərləri pozulur".
G.Qəhrəmanov bir assosiasiya olaraq daim ictimaiyyətə, turistlərə turları şirkətlərdən əldə etmələrini məsləhət gördüklərini deyərək qeyd edir ki, burda söhbət yalnız rəsmi şirkətlərdən gedir.
Ekspertə görə, insanlar mütləq şirkətlə müqavilə imzalamalıdırlar ki, hər iki tərəfin hüquqlarını qoruyan bir sənəd olsun:
"Hər tərəf öz öhdəliklərini bilməlidir. Hətta tur vaxtı belə hansısa narazılıq baş verərsə, o müqaviləyə üz tutaraq hər tərəf öz öhdəliklərinindən xəbərdar olacaq".
Müsahibimiz məsləhət görür ki, ucuz qiymətə qaçmağa yox, keyfiyyətə və həmin şirkətlərin köklü olmasına fikir versinlər:
"Yəni bu, elə bir ticarətdir ki, burda 3-5% gəlir üzərində qurulan sistemdir. Ona görə əgər böyük fərqlər varsa, deməli, burda iş nəsə düzgün getmir. Yaxşı olardı ki, bu insanlar bu məsələlərə fikir versinlər".
Həmsöhbətimiz sonda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəsmi saytında üzv olan bütün şirkətlər haqqında məlumat olduğunu bildirib:
"Şirkətlər üzv olanda biz onları nəzərdən keçiririk. Onların bütün sənədləri yoxlanılır. İnsanlar bizim rəsmi səhifəmizdən onlar haqqında bütün məlumatları ala bilərlər".

Ceyhun Aşurov: Bu kimi problemlər ən çox daxili turlarda baş verir
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Turizm üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, sosial şəbəkələrdə çoxlu sayda turlar təbliğ olunur və bunların arasında normal şəkildə mütəmadi olaraq turlar təşkil edənlər də var.
Ekspert qeyd edib ki, insanlar həmin şirkətlərə, onların sosial şəbəkə səhifələrinə müraciət edərkən bir çox məqama diqqət etməlidirlər ki, bunlara da həmin səhifənin nə qədər keçmişə dayanması, edilən paylaşımlarda yazılan şərhlər, şərh bölməsinin aktivliyi kimi məsələlər daxildi. C.Aşurov onu da bildirib ki, eyni turları müxtəlif mənbələrdən yoxlamaqla həmin turları əldə etmək olar:
“Əlbəttə bu, bir biznesdir. Biznes subyektləri özləri çalışırlar ki, müxtəlif reklamlar, kanallar vasitəsilə müştərilərə çıxsınlar və onların qarşılarına təkliflə çıxsınlar ki, o müştərini qazansınlar. Ağıllı bir şirkət və ya müəssisə heç bir zaman dələduzluğa yol verməz və işini tədricən artıraraq daha da dərinləşmə yolunu tutar”.
C.Aşurov dələduzluq edən tur şirkətlərinin kifayət qədər çox olduğuna təəssüfünü bildirərək qeyd edib ki, onlar çox zaman kəskin, çox ucuz qiymətlər təklif edir, ilkin ödəniş istəyir və ödəniş ediləndən sonra onların telefonlarına zəng çatmır:
“Ona görə turların bir neçə mənbədən qiymətləri, şərtləri yoxlanılmalıdır, bəzi dəqiqləşdirici suallar verilməlidir”.
Müsahibimiz bu kimi problemlərin ən çox daxili turlarda baş verdiyini qeyd edərək diqqətə çatdırıb ki, xarici turlar zamanı da eyni qaydada bu məsələlər dəqiqləşdirilməlidir, hətta məbləğ çox yüksəkdirsə, canlı şəkildə ofisə gedib danışmaq daha məsləhətlidir.
Mina Mikayılova
















