"Avropa İttifaqı Ukrayna ilə bağlı məsələdə yekdil qərar qəbul etməkdə çətinlik çəkir. Bunun səbəbi odur k, Aİ daxilində həm Rusiyaya, həm də Ukraynaya münasibətdə loyal olan dövlətlər var".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsində daxildən parçalanma yaşayır:
"Bəzi Avropa ölkələrinin ABŞ-Rusiya danışıqlarından gözləntiləri olanlar da var. Əslində Avropa dövlətlərinin gözləntisi o idi ki, ABŞ və Rusiya liderləri arasında görüş keçirilər və məsələlər aydınlaşar. Hadisələrin gedişi də göstərirdi ki, ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putin arasında görüşün Budapeştdə keçirilməsi ehtimalı zəif idi. Verilən bəyanatlardan da görüşün olmayacağı bəlli idi”.
Müsahibimiz vurğulayıb ki, nə Rusiya, nə də Ukrayna müharibəni dayandırmaq niyyətindədir. Dediyinə görə, Vladimir Putinin sözçüsü Dmitri Peksovun açıqlamalarından gördük ki, Rusiya danışıqlara getsə də, müharibəni dayandırmaq, atəşkəsə razılıq vermək niyyəti yoxdur:
“Halbuki, liderlərin görüşünün əsas məqsədi, məğzi müharibənin dayandırılması, atəşkəsin əldə olunması idi. Rusiya hesab edir ki, müharibəni dayandırarsa, strateji hədəflərini reallaşdıra bilməyəcək. Moskvanın ümumilikdə hədəfi Ukraynanın bütün ərazilərini ələ keçirməkdir. Rusiya ehtiyat edir ki, atəşkəs əldə olunarsa, Ukrayna güclənər, toparlanar. Qərb ölkələri də Ukraynanı daha çox silahlandırar".

Samir Hümvətov: Nə Rusiya, nə də Ukrayna müharibəni dayandırmaq niyyətindədir
Analitik əlavə edib ki, ABŞ-nin marağı isə fərqlidir:
"Məsələ ondadır ki, prezident Trampla ABŞ dövlətinin ümumi strateji hədəflərini eyniləşdirmək olmur. Tramp müharibənin dayanmasını istəsə də, "dərin dövlət" hələlik bunu istəmir. ABŞ müəyyən regionlarda öz mövqelərini gücləndirmək, maraqlarını qorumaq üçün Rusiyanın başının Ukraynada qarışmasında maraqlı ola bilər. Yəni müharibənin uzanması ABŞ-nin "dərin dövləti"nin işinə yarayır".
Aydın Baxış
Bakı 


