Donbasda separatçılar ümumi səfərbərlik elan edib və 18-55 yaş arası kişilərin ölkədən çıxışını qadağan ediblər.
Bakıvaxtı.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, "DXR" rəhbəri Denis Puşilinin videomüraciəti yayılıb və daha sonra "LPR" rəhbəri Leonid Paseçnikin müvafiq fərmanı ictimaiyyətə açıqlanıb.
Puşilin separatçıların ərazisində yaşayan və “əli silah tutmağa qadir olan” bütün kişilərə müraciət edərək “ailələrini, Donbası və bütün rus xalqını” qorumağa çağırıb. Donetsk Xəbər Agentliyi xəbər verir ki, şənbə günü səhər tezdən "DXR" deputatları fövqəladə iclasa toplaşıblar və orada səfərbərlik haqqında qərar qəbul ediblər.
Puşilinin sözlərinə görə, hazırda Donbass ərazilərinin "Ukrayna tərəfindən irimiqyaslı atəşə tutulması" davam edir. "Onlar bizi minaatanlardan, qumbaraatanlardan, tank əleyhinə raket sistemlərindən, ağır pulemyotlardan, atıcı silahlardan, top artilleriyasından, tanklardan atəşə tutdular", - Puşilin bildirib.
RİA Novosti xəbər verir ki, Leonid Paseçnik ümumi səfərbərlik haqqında fərman imzalayıb. Bununla əlaqədar olaraq, "LPR" hakimiyyəti 18 yaşdan 55 yaşa qədər kişilərə özünü elan etmiş respublikadan kənara səyahət etməyi qadağan edib.
Səfərbərlik və evakuasiya Donbassda vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda həyata keçirilir. ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının müşahidəçiləri fevralın 17-də “DXR” və “LPR”də atəşkəs rejiminin pozulması ilə bağlı 870 fakt qeydə alıblar. Bu barədə qurumun saytında məlumat verilib. “DNR” üzrə 222 atəşkəs pozuntusu, o cümlədən 135 partlayış, “LPR” üzrə 648 atəşkəs rejiminin pozulması, o cümlədən 519 partlayış faktı qeydə alınıb.Ötən hesabat dövründə ATƏT Donbasda 402 atəşkəs pozuntusu qeydə alıb.
Bunun üçün separatçılar və Ukrayna ordusu bir-birini günahlandırır. Separatçılar Ukrayna qoşunlarının onların mövqelərinə hücuma hazırlaşdığını iddia edirlər. Kiyev bunu qəti şəkildə rədd edir.
Ramid İbrahimov
















