• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Ulduzlarla dənizin arasındayam”

MƏDƏNİYYƏT-ŞOU

21 Fevral 2024 | 13:38

“Ulduzlarla dənizin arasındayam”

Beynəlxalq Muğam Mərkəzində mərhum şair-rəssam Adil Mirseyidə ithaf olunan “Ümid çiçəkləri” adlı konsert-sərgi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, tədbirə dəvətlilər Muğam Mərkəzinin foyesində Adil Mirseyidin müxtəlif mövzularda çəkdiyi rəsm əsərlərinə tamaşa edib, şairin sağlığında işıq üzü görən kitablarından ibarət stendə baxıblar.

Sonra səhnə Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Aydın Əzim Kərimoğlunun tələbələrinin ixtiyarına verilib. Maraqlı konsert proqramı Aydın Əzim Kərimoğlunun “Bismillah” və “Axar su” əsərləri ilə açılıb. Hər iki əsəri kamera xoru və Leyla Həmid Əhmədxan ifa edib.

Populyar müğənni Elnarə Xəlilova gənc bəstəkar Ülkər Aşurbəylinin Adil Mirseyidin “Çərpələng” şeirinə yazdığı mahnını təqdim edib. Son illər müxtəlif teatrlarla maraqlı yaradıcılıq əlaqələri ilə diqqət çəkən istedadlı bəstəkar Azər Hacıəsgərlinin Adil Mirseyidin sözlərinə bəstələdiyi “Bəyaz güldan” mahnısını vokalçı Nazim Mahmudov, Mən yoxam”ı isə Vüsal Rzasoy ifa ediblər.

Proqram boyunca şairin sözlərinə yazılan Rəbiyə İmanquliyevanın “Röyalar içində” mahnısı Atlas Mehdiyevanın, Ülkər Aşurbəylinin “Sorma bu dünyanın harasındayam” bəstəsi Ərəstun Quliyevin, Türkər Qasımzadənin “İki nəğmə”si isə Nigar Əsgərovanın ifasında təqdim olunub.

Gecədə həmçinin Aysel Əzizovanın Nəsiminin sözlərinə yazdığı “Rübailər” xanəndə Rauf Cəfərovun, Natiq Muradxanlının “İlmə ardınca toxu” gənc və tanınmış pianoçu Vurğun Vəkilovun ifasında səsləndirilib. Rüzgar Əhmədzadənin “Bitiq”, Sara Dilrubanın “Violonçel üçün iki hissəli sonatası, Ülkər Aşurbəylinin “Polifonik dəftəri” çalınıb.

Konsertdə gənc və istedadlı bəstəkar, Bakı Musiqi Akademiyasının müəllimi Röya Hüseynovanın Nazim Hikmətin sözlərinə bəstələdiyi “Masalların masalı” əsəri böyük maraqla qarşılanıb.

Gecəyə Aydın Əzim Kərimoğlunun yazdığı “Ana dilim” bəstəsi ilə yekun vurulub. Tədbirdə Adil Mirseyidin şeirlərini “YUĞ” Dövlət Teatrının aktyoru Elgün Həmid səsləndirib. Musiqiçiləri səhnədə Milli Konservatoriyanın tələbələrindən ibarət “Şəms Qəmər” Kamera Xoru Xanımana Məmmədzadənin dirijorluğu ilə müşayiət edib. Kollektivinin bədii rəhbəri Leyla Zalıyevadır.

“Ümid çiçəkləri” konsert-sərgisinin təşkilatçıları, səhnədə öz gözəl ifaları ilə alqış qazanan gənc və istedadlı musiqiçilər tamaşaçılara yaddaqalan bir gecə bəxş ediblər. Mərhum şair-rəssam Adil Mirseyidin şeirlərindən birində deyildiyi kimi:

... Ah müşkü ənbər süslü qərib pəmbə axşamlar...


SON XƏBƏRLƏR

26 Iyul 2024