Yeni bir bədii film tamaşaçılarla görüşə tam hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, söhbət FS Film Company özəl şirkətinin istehsalı olan “Ülkər”dən gedir.
Ekran işinin quruluşçu rejissoru ixtisasca rejissor olan aktrisa Xəyalə Meydanovadır
X.Meydanova 2012-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib, müxtəlif yaradıcı kollektivlərdə çalışıb. Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Həm filmlər çəkir, həm də aktrisa kimi film və seriallarda rol alır.
Növbəti dəfə film çəkmək üçün niyə məhz “Ülkər”i seçdiyinə Xəyalə Meydanova belə aydınlıq gətirdi: “Gənc və istedadlı rejissor, FS Film Companinin rəhbəri Faiq Nağıyevlə bir il öncə film layihəsində birgə çalışırdıq. Faiq bəy mənə Yeganə Kərimzadənin yazdığı ssenari ilə tanış olmağı məsləhət gördü. Yeganə xanım əsərlərini sevə-sevə oxuduğumuz unudulmaz yazıçımız Fərman Kərimzadənin qızıdır, özü də maraqlı hekayə və ssenarilər yazır. “Ülkər”i oxuyan kimi mövzu məni dərhal cəlb etdi. Müəlliflə söhbət edəndə məlum oldu ki, ssenaridəki hadisələr real həyatdan götürülüb”.
Filmdə tamaşaçılar nələri izləyə biləcəklər? Quruluşçu rejissorun sözlərinə görə, cəmiyyətdə bu gün tez-tez rast gəlinən ailə-məişət problemlərindən bəhs edən ekran işində kasıb müəllim ailəsində böyüyən Ülkər ciddi çətinliklərlə üzləşir və sonda gənc qız...”
Xəyalə xanım deyir ki, bir qadın, ana olaraq cəmiyyətimizi narahat edən problemi bədii vasitələrlə diqqətə gətirməyə çalışıb: “Gənc qızların, qadınların halını biz qadınlar gözəl anlayır. Film vasitəsi ilə Ülkər kimi gənclərə dəstək olmaq istədim”.
Quruluşçu rejissorun sözlərinə görə, “Ülkər”in tamaşaçılara, bütünlükdə cəmiyyətə vermək istədiyi ciddi mesajlar var. Mesajların nədən ibarət olduğunu bilmək üçün isə bədii filmi izləmək lazımdır.
Yanvarın 31-də filmin qala gecəsinin keçirilməsi nəzərdə tutulub, fevralın 1-də isə “Ülkər”ə ölkənin bütün kinoteatrlarında baxmaq olacaq.
Baş rola Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbəsi Röya Paşayeva çəkilib. Filmdə digər əsas rolları Əməkdar artistlər Rövşən Kərimduxt, Mətləb Abdullayev, Elmira Kərimova, İlham Əsədov ifa edirlər.
Digər rollara Yeganə Mələk, Ramazan Xanlarov, Məhbubə Mirpaşaqızı, Rəhbər Əkbərzadə, Valeh Bayramlı, Mahir Mirişli, Ramal Qasımzadə, Tahir İsmayılov, Humay Xəlili, Röya Tağıyeva, Aynurə Ağayeva, Dilşad Oğuz və Səddam Mustafayev çəkiliblər.
Filmin layihə rəhbəri və baş prodüseri Faiq Nağıyev, operatoru FİKO, bəstəkarı Sevinc Tofiqqızı, səs rejissoru Murad Kərimzadə, rəssamı Arzu Nağıyeva, rejissoru Rövşən Kərimduxt, texniki hissə müdiri Fərid Xəlilov, redaktoru Elnarə Dərziyeva, direktoru isə Gülnaz Ələkbərovadır.
Çəkilişlər Bakının müxtəlif məkanlarında və Xızı rayonunda aparılıb. Yeni filmin informasiya dəstəkçisi isə “Xəzər” TV-dir.
Etibar Cəbrayıloğlu


















