“Artıq bir neçə gündür ki, Rusiyadan sonra Qazaxıstan da buğda ixracatına müəyyən qadağalar tətbiq etdi. Təbii ki, bu mövzu ictimaiyyəti narahat edən əsas mövzulardan biridir. Bu kimi ticari və istehsal prosesləri birbaşa olaraq bazar tərəfindən tənzimləndiyi üçün unun qiymətində baş verə biləcək dəyişikliklər qaçılmazdır”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli bildirib.
O qeyd eidb ki, dünya bazarlarında taxılın qiyməti əvvəlki dövrlərə nisbətdə 30-40% həcmində artım göstərib: “Hətta ölkələr üzrə taxılın qiyməti və eləcə də, unun qiymətinin artması BMT-nin Qida və Kənd təsərrüfatı Təşkilatının illik hesabatında da qeyd olunub. Təbii ki, Azərbaycanda istehsal olunan taxıl və unun həcmi yerli tələbatı ödəmədiyi üçün biz həm də idxal edirik. Bu zaman idxala bağlı olduğumuz üçün dünya bazarında baş verən qiymət dəyişiklikləri birbaşa olaraq, respublikada taxılın və unun qiymətinin dəyişməsinə təsir edir. İkinci əsas səbəb ondan ibarətdir ki, Qazaxıstan əsas taxıl ixracatçılarından biri hesab olunur. Ukrayna və Rusiyadan sonra Qazaxıstanın tətbiq etdiyi qadağalar, birbaşa olaraq taxılın qiymətinə təsir edə bilər. Düzdür, Qazaxıstan idxal siyahısında çox az çəkiyə sahib olsa da, bütün bu proseslər onu göstərir ki, dünya səviyyəsində taxılın qiymətində baş verən dəyişikliklər birbaşa olaraq Azərbaycanda taxılın, unun, çörəyin və un məmulatlarının qiymətinin dəyişməsinə təsir edə bilər. Lakin unun və çörəyin qiymətinin yaxın 3-4 ay ərzində artacağını güman etmirəm. Çünki, müəyyən tələbatı ödəmək üçün artıq taxıl fondunda yetəri qədər rezerv vardır. Və artıq müəyyən period sonra yerli səviyyədə istehsal olunan taxılın toplanması prosesi başlayacaq və bu da öz növbəsində hələlik unun və çörəyin qiymətinin sabit saxlanılmasına səbəb olacaqdır”.
Ekspertin sözlərinə görə, taxıl strateji məhsul hesab edildiyindən Azərbaycan dövləti qiymətlərin tənzimlənməsində həmişə maraqlı olub: “Artıq 2020-ci ilin martından etibarən buğda idxalı, eləcə də, unun və çörəyin istehsalı ilə məşğul olan sahibkarlar birbaşa olaraq ƏDV-dən azad olunublar. Hətta sonradan bu müddət 2024-cü ilə qədər uzadılıb. Buna paralel olaraq, ərzaq buğdası təchizatçılarına dövlət xüsusi subsidiyalar ayırır. Təbii ki, ərzaq buğdasının qiymətində baş verən artımlar, öz növbəsində çörək, un və un məmulatlarının qiymətinin artmasına səbəb olacaqdır. Burada qiymət artımlarının hansı səviyyədə olacağından danışmaq bir az çətindir. Bu birbaşa olaraq ərzaq buğdasının qiymətinin dəyişməsinə bağlıdır. Düşünürəm ki, aidiyyatı dövlət qurumları hər zaman olduğu kimi, baş verə biləcək süni qiymət artımlarının qarşısını alacaq, hətta təbii artımlar dövründə də qiymətlərin tənzimlənməsi üçün ticarətçilərə və istehsalçılara xüsusi güzəştlər tətbiq edəcəkdir.
Bu kimi proseslər hər zaman olub, olacaq da. Burada əsas məsələ ondan ibarətdir ki, ölkədə taxıl ehtiyatının balansda saxlanılması üçün dövlət xüsusi addımlar atmalı və idxaldan asılılığı minimum, hətta sıfıra endirməyə çalışmalıdır. Azərbaycanın geoloji strukturuna nəzər yetirsək görərik ki, taxılın istehsalı üçün yetəri qədər ərazi və münbit şərait var. Önəmli olan, sahibkarlara, fermerlərə taxıl istehsalının həcminin artırılması ilə bağlı şəraitin yaradılmasıdır. Bura suvarma sistemlərinin təkmilləşdirilməsindən tutmuş, sahibkarlara verilən subsidiyaların həcminin artırılmasına kimi daxil edə bilərik. Məsələn, hazırda bildiyim qədəri ilə, dövlət tərəfindən taxıl əkini üçün fermerlərə hər hektara görə 210 manat subsidiya verilir. Bu məbləğin 25%-i qədəri nəğd formada, geri qalan hissəsi isə gübrə, toxum, pestisid və s alımı üçün qeyri nəğd formada istifadəyə verilir”.
Qeyd edək ki, bu ilin əvvəlində un və çörək bahalaşıb.
Ramid İbrahimov


jpg-1650446627.jpg)













