Bakı şəhəri Əlibaba Abdullayev küçəsi yerləşən tarixi bina təhlükədədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu memar Elçin Əliyev bildirib.
Fiqarov qardaşlarının evi kimi tanınan üçmərtəbəli bina 1909-cu ildə Opera teatrı və Sabunçu vağzalının binalarının müəllifi, məşhur Bakı memarı Nikolay Georgieviç Bayevin layihəsi əsasında tikilib.
Təsviri və heykəltəraşlıq həcmləri ilə tamaşaçıya emosional təsir göstərən əzəmətli binanın sahibləri Dərbəndli milyonçu Hacı Zülfüqar Fiqarovun oğullarıdır.
Binanın giriş və ümumi sahələrinın suvaqları dağılıb, pilləkən məhəccərləri əyrilib, pilləkənlər çox köhnəlib və dağıdılıb, eyvanların döşəmələri çürüyüb, çox yerdə kanalizasiya suları sızır.
Memarlıq abidəsinin sakinlərinin dövlət tərəfindən qorunan binanı bərpa etmək üçün ölkə və şəhər rəhbərliyinə davamlı müraciətlərinə baxmayaraq, heç bir tədbir görülmür. Fiqarov qardaşları tərəfindən tikilmiş bina 110 ildən artıqdır ki, toxunulmazdır.
Məlumata görə, şəhərin tam göbəyində dəbdəbəli sahəyə tamah salan tikinti şirkətləri var. Dağılmış əmlaklarını satmaq arzusunda olan ev sakinlərinin əksəriyyəti də onun erkən sökülməsinə qarşı deyil.
Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Bakıvaxtı.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun 25-ci maddəsində də bildirilir ki, dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Lakin sorğunuzda qeyd edilən hal xüsusi mülkiyyətdə olan abidə ilə bağlı olduğu üçün həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparıla bilər.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq bəndinə uyğun olaraq qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən görülür", - deyə N.Allahyarova bildirib.
Ramid İbrahimov
Bakı 



















