• Bakı 27° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

“Uşağım toppuş olsun” deyə çox yemək veririk, sonra isə... - Həkimdən valideynlərə CİDDİ ÇAĞIRIŞ

CƏMİYYƏT

23 May 2024 | 12:02

“Uşağım toppuş olsun” deyə çox yemək veririk, sonra isə... - Həkimdən valideynlərə CİDDİ ÇAĞIRIŞ

Uşaqlarda olan artıq çəki əksər valideynin üzləşdiyi problemlərdən biridir. “Uşağım toppuş olsun” deyərək, onu gələcəkdə gözləyən problemlərdən xəbərsiz ona çox yemək verən valideynlərin sayı da az deyil.

Bəs görəsən uşaqlarda artıq çəki gələcəkdə hansı fəsadlara yol açır? Valideynlər nələrə diqqət etməlidirlər?

Şəhla Məmmədova, Endokrinoloq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 12 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Şəhla Məmmədova bildirib ki, uşaq anadan olandan adətən 2 kilo yarımdan 4 kiloya qədər norma daxilində hesab olunur, amma uşaq 4 kilodan artıq olursa, deməli onda bir çox xəstəlik riski artır.

Ş.Məmmədovanın sözlərinə görə, ana özü 4 kiloqramdan artıq uşaq dünyaya gətirirsə, onun gələcəkdə şəkərli diabet xəstəliyinə tutulması riski artır. Ona görə də həmin analar periodik olaraq qanda qlükozanı yoxlatmalıdır.

Piylənmənin 21-ci əsrin ən böyük problemi olduğunu qeyd edən endokrinoloq qeyd edib ki, artıq çəkili uşaqlarda gələcəkdə ən böyük fəsad onlar üçün piylənmə ola bilər ki, piylənmə özü də bir neçə xəstəliyin yaranmasına səbəb olur:

“Piylənmənin ən nəzərəçarpan və ən tez-tez rast gəlinən fəsadı metobalik sindromdur. Bu zaman insanlarda ürək-damar xəstəlikləri riski çoxalır, gələcəkdə şəkərli diabetin yaranmasına gətirib çıxarır ki, bu zaman bədəndə insulin artır və onun ifrazı artdıqca insulin dirənci də artır. Onun qarşısı alınmazsa, nəticədə şəkərli diabetə səbəb olur”.

Müsahibimiz piylənmənin digər fəsadının qızlarda da, oğlanlarda da ikinci cinsi əlamətlərin əmələ gəlməsi olduğunu vurğulayıb:

“Piylənmə oğlanlarda gələcəkdə cinsi zəifliyə, qızlarda isə sonsuzluq kimi ciddi fəsadlara səbəb ola bilər”.

Artıq çəkinin yaratdığı xəstəliklər barədə danışan həmsöhbətimiz onun gələcəkdə qaraciyər sirrozu, mədə-bağırsaq, sinir, oynaq-sinir sistemi xəstəliklərinə də səbəb olduğunu, həmçinin xorultu kimi problemə gətirib çıxardığını deyərək, bu insanların yuxuda dünyasını dəyişə bilmə hallarının olduğunu da deyib.

Həkim valideynlərə tövsiyə edir ki, onlar uşaqların sağlam qidalanmasına, rejimlərinə fikir versinlər və hər yaşa uyğun olan idman növlərinə, rəqsə qoysunlar ki, uşaq hərəkətli olsun:

“Valideynlər uşaqları çörəyi çox yeməyə öyrətməsinlər. Biz ən çox çörək yeyən millət olaraq xoşlayırıq ki, uşaqlarımız toppuş olsunlar, ona görə çörəyi çox veririk. Amma onların gələcəyini düşünmürük. Uşaq sağlam olsun, arıq olsa da ola bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Iyun 2024