• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Meşə yanğınları: Sağlamlığımızın təminatçısına qənim kəsilirik

CƏMİYYƏT

25 Iyun 2024 | 14:00

Meşə yanğınları: Sağlamlığımızın təminatçısına qənim kəsilirik

Yayda əksəriyyət dincəlmək üçün meşələrə üz tutur. Amma çox vaxt da təhlükəsizlik qaydalarına əməl etmədiyimizdən, meşə yanğınları baş verir.

Bəs meşələrdə yanğınların baş verməməsi üçün hansı təhlükəsizlik tədbirlərinə əməl etməliyik?

Elmar Nurəliyev: Yanğınların baş verməsində əsas səbəblərdən biri məhz insan faktorudur

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, yanğınların baş verməsində əsas səbəblərdən biri məhz insan faktorudur. Yəni insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etmədən davranışı, yanma qabiliyyəti yüksək olan yanan materiallarla yanğın təhlükəsizliyi normativlərinə uyğun olmayaraq rəftar etməsi, onların saxlanması, daşınması, açıq oddan istifadə etmək, odun sönməsinə tam əmin olmadan ərazini tərk etmək kimi davranışlar hər biri yanğın təhlükəsi riskini yaradan amillərdir.

E.Nurəliyev yanğınlara səbəb olan digər faktorun ərazinin natəmiz vəziyyətdə olması olduğunu qeyd edib:

“Ümumiyyətlə şüşə butulkalar, şüşə qablar, şüşə qırıntıları günəş şüalarının davamlı təsiri nəticəsində əgər aşağısında kağız, karton və ya quru ot örtüyü olarsa, qıza və nəticədə istilikdən yanğın əmələ gələ bilər. Onlar mütəmadi olaraq təmizlənməlidir. İnsanlar diqqət etməlidirlər ki, zibilləri ətrafa atmaq olmaz”.

Onun sözlərinə görə, meşələrin müxtəlif quruluşlu relyefdə olması səbəbindən meşə yanğınları zamanı yanğının söndürülməsində çox çətinliklər yaranır:

“Meşələrin coğrafi relyefi həm xilasetməyə, həm yanğınsöndürməyə gələn qrupların ərazidə rahat hərəkət etməsində çətinlik yaradır. Eyni zamanda odun söndürülməsi zamanı lazım olan canlı qüvvənin çətin şəraitdə işləməsinə, yanğının söndürülməsinə maneçilik törətdiyini nəzərə alaraq mütləq meşə sahələrində yanğın təhlükəsizliyi məsələlərinə ciddi əməl olunmalıdır”.

Müsahibimiz vətəndaşları bir neçə məsələdə diqqətli olmağa çağırıb. Bildirib ki, insanlar istirahətə gedərkən, meşədə hər hansı piknik təşkil edərkən nəzərə almalıdırlar ki, açıq oddan istifadə üçün yalnız xüsusi yer seçsinlər. Hansı ki, o yerdə yanma riski yüksək olan materiallar yoxdur.

Ekspert xüsusilə xəbərdarlıq edib ki, vətəndaşlar açıq oddan istifadə etdikdən sonra odun tam sönməsinə əmin olsunlar:

“Od sönmüş kimi görünə bilər, ancaq odun köz hissəsi yanılı vəziyyətdə qalar və ordan gedəndən sonra alovlana bilər ki, bu da yanğının qısa bir zamanda geniş bir əraziyə yayılmasına gətirib çıxarar. Bu, ekologiyaya, flora və faunaya, təbiətə, insanların həyat və sağlamlığına, əmlakına zərər verir”.

Həmsöhbətimiz hesab edir ki, müvafiq qurumlar tərəfindən maarifləndirmə işləri aparılsa da bu daha geniş və kompleks formada həyata keçirilməlidir:

“Meşə ərazilərində maarifləndirmə, xəbərdarlıq lövhələrinin qurulması, orda yaşayan sakinlərin ora gələn turistlərə bu barədə məlumatlar verməsi lazımdır. Bu iş yalnız bir qurumun edəcəyi məsələ deyil”.

Meşədə dincəlməyə gedən turistlərin gecələmək üçün meşə ərazilərində yerləşən istirahət mərkəzlərinə üz tutduğunu deyən ekspert söyləyib ki, oranın əməkdaşları bu işdə fəal olmalı və onları təhlükəsizlik məsələləri ilə bağlı məlumatlandırmalıdır:

“Hər bir vətəndaş bu məsələdə öz məsuliyyətini bilməlidir”.

Qorxmaz İbrahimli: Ərazidən ayrılarkən ocaqlara su tökərək söndüyündən əmin olunmalıdır

Ekoloq Qorxmaz İbrahimli isə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində yay fəslindən əvvəl də insanlar bu barədə davamlı maarifləndirilməlidirlər.

“Bildiyiniz kimi ölkəmizin təbii meşə örtüyü o qədər də çox deyil. Süni yaradılan meşə zolaqları və parkları da bura əlavə edərək, deyim ki, hər zaman yanğından qorumaq üçün təlimlər keçilməlidir”.

Onun sözlərinə görə, meşə zonaları tək pikniklərdən deyil, bəzən yaxınlıqdakı taxılı biçilmiş ərazilər yandırılaraq da törədilə bilər ki, bunun üçün həm sıravi yurddaşlarımız, həm də fermerlərimiz diqqətli olmalıdırlar.

Q.İbrahimli qeyd edib ki, meşə və meşəətrafı ərazilərdə piknik keçirən insanlar isə konstitusion haqlarını gerçəkləşdirərkən ətraf mühiti də qorumalı olduqlarını bilməlidirlər:

“Öncəliklə onu deyim ki, meşəliklərdə piknik əraziləri olduqca diqqətlə seçilməli və mümkün olan texniki vasitələrlə təmin edilməlidir”.

Müsahibimiz söyləyib ki, həmin ərazilərdə istirahət edən insanlar ocaq və manqallara diqqət etməli və xüsusən ərazini tərk etmədən yanan köz qalmadığından əmin olmalıdırlar.

“Ayrıca avtomobillə hərəkət edərkən siqaret kötüklərini əraziyə atmamalıdırlar.

Uşaqların meşənin bir tərəfinə çəkilib, nəzarətsiz ocaq yandırmamalarına diqqət edilməlidir.

Xüsusilə ərazidən ayrılarkən ocaqlara su tökərək söndüyündən əmin olmalıdırlar”.

Mina Mikayılova


SON XƏBƏRLƏR