Uşaqların evdən qaçması ən ciddi problemlərdən biri olaraq qalır. Bu kimi hadisələr yalnız ailələr üçün deyil, bütövlükdə cəmiyyət üçün də ciddi narahatlıq doğurur.
Bəs, uşaqlar evdən niyə qaçır? Günahkar kimdir: uşaq, ailə, yoxsa cəmiyyət?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, sağlam bir cəmiyyətin formalaşması üçün sağlam övladların yetişməsi çox vacibdir. Onun sözlərinə görə, burada söhbət təkcə fiziki sağlamlıqdan yox, psixoloji və mənəvi sağlamlıqdan da gedir.
G.Kərimi qeyd edib ki, bütün cəmiyyətlərdə olduğu kimi, bizdə də sağlam ailələrin mövcudluğu və həmin ailələrdə böyüyən uşaqların düzgün tərbiyə, düzgün təhsil alması, düzgün həyata baxışlarının formalaşması əsas şərtlərdəndir.
Müsahibimiz nəzərə çatdırıb ki, uşaqlarda mərhəmət hissinin və gözəl duyğuların formalaşması son dərəcə vacibdir. Belə övladlar nə qədər çox olsa, gələcəkdə cəmiyyətə qatacaqları da bir o qədər çox olar. Sağlam düşüncəli insanlar isə həm dövlətinə, həm də xalqına daha yaxşı xidmət göstərə bilərlər:
“Bunun üçün ailə qurarkən düzgün seçim etmək lazımdır. Yalnız hisslərə qapılaraq qərar vermək düzgün deyil. Çünki həyat yoldaşı seçimi gələcək nəsillərin sağlam böyüməsində birbaşa rol oynayır. Təcrübə və statistika göstərir ki, sadəcə “sevirəm” deyərək ailə quran cütlüklər daha tez ayrılırlar. Böyüklərin məsləhəti ilə qurulan ailələrdə isə boşanma halları nisbətən az olur”.
Kərimi hesab edir ki, uşaqların düzgün yetişməsi üçün valideynlərin onlara fərdi yanaşması vacibdir. Dediyinə görə, bir çox valideyn elə bilir ki, övlad evdədir və hər şey qaydasındadır. Uşaqların istəklərini, arzularını öyrənmək, onları dəstəkləmək üçün valideynlər onlarla kifayət qədər vaxt keçirməlidir. Xüsusilə yeniyetməlik dövründə uşaqların şəxsi kimliyi formalaşır. Bu mərhələdə valideynin övladının yanında olması, ona yol göstərməsi, dəstək verməsi çox önəmlidir:
“Əks halda, uşaqlar dəstək və qayğını ailədə tapmayanda bunu kənarda axtarmağa başlayırlar. Nəticədə müxtəlif qruplara qoşula, pis vərdişlər qazana bilirlər. Halbuki insan harda sevgi, qayğı, anlayış görürsə, orada qalır. Əgər uşaq evdə bunu tapa bilmirsə, başqa yerlərdə axtarır. Sonradan pis vərdişlərə alışan uşaqları yenidən düzgün yola qaytarmaq isə çox çətin olur”.
Günay Kərimi: Uşaqların düzgün yetişməsi üçün valideynlərin onlara fərdi yanaşması vacibdir
Psixoloq vurğulayıb ki, valideyn övladına diqqət göstərməli, onunla vaxt keçirməli, hər çətin dövründə yanında olmalıdır. Belə olduqda uşaq bütün dərdini, sirrini, problemini ailəsi ilə bölüşəcək ki, bu da onun sağlam psixoloji mühitdə böyüməsinə səbəb olacaq:
“Əks halda, valideynlər çox vaxt uşaqlarında yanlış davranışlar gördükdə “mənim övladım niyə belə oldu?” deyə çırpınırlar, amma unudurlar ki, təməli düzgün qoymayıblar. Yeniyetməlik dövründə uşaq daha çox dəstəyə ehtiyac duyur. Bu dövrdə valideynin anlayışlı, səbirli olması çox vacibdir”.
Müsahibimiz bu gün bəzi valideynlərin övladlarını dinləmədiyinə, onların istəklərinə əhəmiyyət verməməklərinə təəssüfləndiyini bildirib:
“Hətta bəzən özlərinin həyata keçirə bilmədikləri arzuları övladlarının üzərinə yükləyirlər. Bu da uşaqların evdən uzaqlaşmasına gətirib çıxarır. Ona görə də valideynlər diqqətli olmalı, övladlarını anlamağa çalışmalıdırlar”.
Mina Mikayılova