"Uşaqlarda gigiyenik vərdişlər qorxutmaqla deyil, oyun vasitəsilə formalaşdırılmalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.
Onun sözlərinə görə, uşaqlara gigiyena qaydalarını aşılamaq üçün valideynlərin bu prosesdə birbaşa iştirak etməsi vacibdir. Həkim qeyd edib ki, uşaqlar valideynləri ilə birlikdə əllərini yuduqda, oyunlar oynadıqda və müxtəlif əyləncəli üsullardan istifadə etdikdə gigiyenik vərdişləri daha asan mənimsəyirlər.
Pediatr bildirib ki, uşaqları mikroblarla bağlı qorxutmaq və onlarda fobiya yaratmaq düzgün yanaşma deyil. Onun sözlərinə görə, gigiyena qaydaları uşaqlara müsbət və təşviqedici üsullarla öyrədilməlidir.
G.İlyasovanın dediyinə görə, uşaqların sağlam inkişafı üçün sevgi dolu mühitin yaradılması əsas şərtlərdən biridir. O əlavə edib ki, balanslı qidalanma, keyfiyyətli yuxu və kifayət qədər fiziki aktivlik də uşağın sağlam böyüməsində mühüm rol oynayır.
Aynur Babazadə
Bakı 



