Bayden administrasiyasının İranla nüvə sazişini bərpa etməsinə mane olan amillər nələrdir?
Mətbuatda ABŞ və İsrail rəsmilərinin İranın nüvə proqramını müzakirə etməsi barədə xəbərlər yayılıb. Videokonfrans formatında keçirilən müzakirələrdə işçi heyətlə yanaşı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan və onun israilli həmkarı Eyal Xulata iştirak ediblər.
Görüşlə bağlı xəbərdə deyilir ki, müzakirələrdə nüvə danışıqlarının dalana dirənməsi və paralel olaraq İranın nüvə fəaliyyətlərinin aktivləşməsindən narahatlıq ifadə olunub. İsrail tərəfi danışıqların baş tutmayacağı təqdirdə detalları açıqlanmayan “B Planı”na keçidi təklif edib, Vaşinqton rəsmiləri isə danışıqlar dayanacağı təqdirdə İrana qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini vurğulayıblar.
ABŞ rəsmisi isə bildirib ki, İran rəhbərliyi 2015-ci il nüvə sazişinin yenidən aktivləşdirilməsi ilə bağlı danışıqların bərpası üçün cəhd etmir. Adı açıqlanmayan Vaşinqton rəsmisi deyib ki, hazırda İranın yenidən sazişi bərpa etməsi ilə bağlı müsbət cəhdi müşahidə olunmur.
Sitat: “İranlılarla birbaşa əlaqəmiz yoxdur, ona görə də müsbət və ya mənfi münasibətin səviyyəsini təyin etmək çətindir. Ancaq ABŞ-ı ümidləndirəcək hər hansı bir addım atılmır.
Maraqlıdır ki, bu mövzuda rəsmi Tehran “topu” ABŞ-a atır. İran rəsmiləri hesab edir ki, ilk addımı atmalı olan ABŞ-dır, çünki 2015-ci ildə İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya – red.) arasında imzalanmış nüvə sazişindən çıxan ölkə ABŞ-dır. Rəsmi Tehran ABŞ hökumətini sazişə geri dönməyə və İrana qarşı qəbul olunan sanksiyaları ləğv etməyə səsləyir. Vaşinqton isə yeni müzakirələr tələb edir.
Əslində yeni müzakirələri və yeni saziş imzalamaq təklifini 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxan o zamankı ABŞ prezidenti Donald Tramp da irəli sürmüşdü. Tramp hesab edirdi ki. Barak Obama zamanında imzalanan nüvə sazişi daha çox İranın maraqlarına xidmət edib və ABŞ-ın maraqları tam olaraq nəzərə alınmayıb.
Ancaq Trampdan fərqli olaraq demokrat Bayden hələ seçki kampaniyası zamanı İranla nüvə sazişini bərpa edəcəyini, narahatlıq doğuran məsələləri danışıqlar masasında müzakirə edəcəyini bildirib. Və prezident seçildikdən sonra Bayden bu istiqamətdə bir sıra addımlar atıb. Bu il aprelin 6-da isə İranla nüvə sazişinə geri dönülməsi ilə bağlı Avstriyanın paytaxtı Vyanada danışıqlar bərpa olunub.
Lakin bu danışıqlar faktiki olaraq dalana dirənib. Çünki Tehran tələb edir ki, ABŞ sazişə dönməsi üçün Trampın tətbiq etdiyi sanksiyaları ləğv etməlidir. Çünki Tehran faktiki olaraq sazişdən çıxmayıb, yalnız bəzi öhdəliklərdən geri çəkildiyini bildirərək dinc məqsədli nüvə istehsalı prosesini sürətləndirib.
Bayden administrasiyası üçünsə indi İran mövzusunda ciddi suallar var. Təbii ki, demokrat Bayden administrasiyası sərt sanksiyaların nəticə vermədiyi, əvəzində Tehranın sürətlə Çinə yaxınlaşdığı amilini əsas gətirərək Tehranla danışıqlar masasına oturmaq və nüvə məsələsini müzakirələr yolu ilə həll etməyə çalışır. Çünki Yaxın Şərqdə İran kimi güclü oyunçunun Çinlə yaxınlaşması Vaşinqtonun qlobal liderlik siyasətinə maneə yaradır. Yeri gəlmişkən, ötən həftə İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqla Çin və Rusiya ilə daha da yaxınlaşdı. Vaşinqton isə Yaxın Şərqdə az qala hər ölkədə İranla toqquşmaya getməkdənsə, Tehranı diplomatik yollarla neytrallaşdırmağa çalışır.
Lakin indi bu məsələdə Baydenin qarşısında bir sıra ciddi maneələr var. Vaşinqton və onun regional müttəfiqləri – İsrail və ərəb ölkələri - üçün İranın nüvə silahı əldə etməsi qədər təhlükəli olan İranın son illərdə sürətlə inkişaf edən ballistik raket proqramı və Yaxın Şərqdə dəstəklədiyi hərbi-siyasi qüvvələr, ya da başqa deyimlə müqavimət qrupları.
Yeri gəlmişkən, ötən həftə BMT-də video çıxışı yayılan İran prezidenti İbrahim Rəisi ali dini lider Ayətullah Əli Xameneyinin kütləvi qırğın silahını qadağan edən fətvasını xatırladaraq ölkəsinin hərbi doktrinasında nüvə silahının istehsalı və əldə olunmasının əksini tapmadığı qeyd edib.
Bu mənada indi Vaşinqton hələ Tramp zamanında İrandan məhz iki məsələdə güzəşt tələb ediblər. Birincisi, İranın ballistik raket proqramını dayandırması, ikincisi Yaxın Şərqdə silahlı qruplara dəstəyini kəsməsi.
İranın nüvə proqramı məsələsində Baydenə ən ciddi maneələrdən biri də İsraildir. Çünki İsrail İranın Yaxın Şərqdəki fəaliyyətlərini birbaşa özünə və dövlət maraqlarına təhlükə hesab edir. Çünki hazırda İsrail üçün əsas təhlükə məhz İranın dəstəklədiyi Hizbullah, Həmas, İsami-Cihad kimi silahlı qruplardan, eləcə də Suriyadakı İrana bağlı silahlı birliklərdən gəlir. Bura İraq, Yəmən və digər ölkələrdəki İranın dəstəklədiyi qrupları da əlavə edəndə narahatlığın səbəbləri aydın olur.
Bu mənada indi Bayden administrasiyası İranla danışıqlar masasına qayıtmaq üçün həm İsraili, həm də regional ərəb müttəfiqlərini sakitləşdirməli, eyni zamanda Vaşinqtonun regional maraqlarını nəzərə alan yeni bir sazişə nail olmalıdır. Bütün bunlar isə hazırda elə də real deyil.
Yeri gəlmişkən, sentyabrın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı yeni məruzəsini açıqlayıb. Hesabatla bağlı BAEA-nın sədri Rafael Mariano Qrossi sentyabrın 13-də verdiyi açıqlamada İranda bildirilməyən gizli yerlərdə nüvə vasitələrinin olduğunu və bu nüvə vasitələrinin yerlərinin Agentliyə məlum olmamasından narahatlıq hiss etdiyini bildirmişdi.
İran tərəfi isə iddia olunan ərazilərin 20 il əvvələ aid qeyri-rəsmi mənbələrdən əldə olunmuş görüntülər olduğunu və şübhə doğurmadığını bəyan edib. Lakin həm BAEA-nın hesabatı, həm də İsrailin reaksiyaları və nəhayət Vaşinqtonla gizli müzakirələrin mediaya ötürülmüş açıqlamasından da belə aydın olur ki, Vaşinqton administrasiyası İran mövzusunda ciddi təzyiq altındadır. Bayden administrasiyası tezliklə əlverişli yeni nüvə sazişi hazırlamalıdır, ya da İsrailin tələb etdiyi “B planına” keçməlidir.
Kənan Rövşənoğlu
Bakıvaxtı.az
















