Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bir neçə əsas strateji məqamı üzə çıxarır.
Onun vurğuladığı kimi, Azərbaycan uzun illər Ermənistanın işğal siyasətinə məruz qalıb, əhalisinin beşdə biri didərgin düşüb və ölkə beynəlxalq hüququn kobud şəkildə pozulmasının nəticələrini yaşamışdı. 44 günlük Vətən müharibəsi bu tarixi ədalətsizliyə son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və müharibədən sonrakı diplomatik mərhələnin əsasını yaratdı.
Vaşinqtonda əldə olunmuş sənəd tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu sənədin ən mühüm tərəfi qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və gələcək münasibətlərin bu baza üzərində qurulmasıdır.
Əliyevin də qeyd etdiyi kimi, bu razılaşma təkcə iki lider arasında deyil, dövlətlər arasında imzalanmış sənəddir. Ermənistanın bu öhdəlikdən yayınması onun beynəlxalq aləmdə təcridinə gətirib çıxara bilər və Azərbaycanın mövqeyinin gücləndiyini nəzərə alsaq, İrəvan üçün ağır nəticələr doğurar.
Prezident Əliyev həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin geri dönüşü və “Böyük Qayıdış” proqramının strateji əhəmiyyətinə toxundu. O, infrastrukturun məhv edilməsi və minaların kütləvi şəkildə basdırılmasının əsas maneələr olduğunu vurğulasa da, dövlətin məqsədinin bu əraziləri qısa müddətdə yaşayış üçün tam hazır vəziyyətə gətirmək olduğunu qeyd etdi. Bu yanaşma Azərbaycanın təkcə hərbi deyil, həm də sosial-siyasi baxımdan qalibiyyətini möhkəmləndirir.
Zəngəzur dəhlizi məsələsi müsahibədə xüsusi yer tutur. Əliyevin sözlərinə görə, bu dəhliz yalnız Azərbaycanın iki hissəsini birləşdirmək üçün deyil, həm də regionun beynəlxalq nəqliyyat xəritəsində yeni imkanlar yaratmaq üçün nəzərdə tutulur. TRIPP adlanan layihə Azərbaycanı Şərqdən Qərbə, həmçinin Şimaldan Cənuba birləşdirən əsas qovşaqlardan birinə çevirir. Bu isə ölkənin geosiyasi çəkisini daha da artırır və regionda sabitliyin əsas təminatçılarından biri kimi rolunu gücləndirir.
Müsahibədə digər mühüm məqam Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursudur. İranla konstruktiv münasibətlər, Yaxın Şərq ölkələri ilə enerji əməkdaşlığı, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji inteqrasiya Azərbaycanın çoxqütblü dünyada öz yerini möhkəmləndirdiyini göstərir. Əliyevin vurğuladığı kimi, Azərbaycanın təcrübəsi onu həm regionda, həm də qlobal miqyasda sabitlik və əməkdaşlıq təşəbbüslərinin əsas iştirakçısına çevirib.
Ruslan Zəngəzur