“Visa” və “Mastercard” ödəniş sistemləri Rusiyada fəaliyyətini bərpa edə bilər, lakin onların qaytarılması bir sıra şərtlərlə müşayiət olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Maliyyə bazarları komitəsinin rəhbəri Anatoli Aksakov bildirib ki, bu ödəniş sistemləri geri qayıda bilər, lakin onların inteqrasiyası Milli Ödəniş Kartları Sisteminin (NSPK) işi və “Mir” kartının geniş tətbiqi ilə çətinləşəcək.
Ekspertlər vurğulayırlar ki, Rusiyada “Visa” və “Mastercard”ın işini bərpa etmək üçün əsas maneələr ölkə daxilində məlumatların saxlanması ilə bağlı Rusiya qanunvericiliyinin tələbləri, eləcə də milli ödəniş alətləri ilə əməkdaşlıq zərurəti olaraq qalır.
Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin Rusiyada “Visa” və “Mastercard” əməliyyatlarının tam bərpasının mümkünsüz olduğuna dair fikir bildirib. O hesab edir ki, qismən geri qayıtmaq üçün bu şirkətlər onların olmadığı müddətdə Rusiyaya dəymiş maddi və mənəvi zərəri ödəməli, həmçinin daxili Rusiya əməliyyatlarında iştirak etmədən xarici hesablaşmalara diqqət yetirməlidir.
Xatırladaq ki, “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini 2022-ci ilin martında dayandırıb. Hazırda ödəniş sistemlərinin özləri Rusiyada fəaliyyətlərinin bərpası ilə bağlı heç bir rəsmi açıqlama verməyib.