• Bakı 25° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Xarici investorlar Azərbaycanı “sevmir”: "Ölkədə bahalaşma..."  

İQTİSADİYYAT

20 Oktyabr 2021 | 17:23

Xarici investorlar Azərbaycanı “sevmir”: "Ölkədə bahalaşma..."

Xəbər verdiyimiz kimi, ötən gün Tarif Şurası kommunal xidmətləri il ərzində ikinci dəfə bahalaşdırdı. Qiymət artımına səbəb kimi dövlət qurumlarının zərərlə işləməsi göstərilir.

“Dövlət müəssisələrinin zərərlə işləməsinin səbəbi onların idarə edilməsindəki problemlərlə bağlıdır.  Təəssüflər olsun ki, həmin qurumlar ölkə iqtisadiyyatı üçün sistem məzmunlu dövlət müəssisələri olmasına baxmayaraq onların rəhbərliyi faktiki biznes mənbəyi kimi idarə edirlər”.

Bunu Bakıvaxtı.az-a açıqlamasına iqtisadçı alim Elşad Məmmədov bildirib.

Alimin sözlərinə görə, reallıq onu deməyə əsas verir ki, effektiv nəzarət mexanizmləri bu günə kimi öz müsbət nəticəsini lazımi səviyyədə vermir: “Belə ki, həmin qurumların vəsaiti necə istifadə etməsinə dair fikrimcə nə effektiv ictimai nəzarət mexanizmləri işləyir, nə də parlament nəzarəti. Qurumların ofislərinə, onların xidməti avtomobilinə baxanda, onların xərclər siyasətinə nəzər yetirdikdə qeyri-effektiv idarəetmənin tətbiq olunduğunu görə bilərik. Əgər dövlət qurumlar özəl qurumlar olsa, fikrimcə həmin adamlar şirkətlərinin vəsaitini elə rahatlıqla, hara gəldi xərcləməzlər. Bu qurumlar dövlət qurumlarıdırsa, onların nəzarətində olan dövlət vəsaitlərinin xərclənməsi dövlət tərəfindən effektiv tədqiq edilməlidir, nəzarət edilməlidir. Çünki bu faktiki olaraq dövlət vəsaitidir. Hesab edirəm ki, idarəetmədə köklü dəyişikliklərə getmək lazımdır”.

E.Məmmədov qeyd edib ki, o, kommunal xidmətlər göstərən dövlət qurumlarının özəlləşdirilməsinin tərəfdarı deyil: “Çünki o sahələrdəki özəlləşdirmə çox böyük problemlərə səbəb ola bilər. O qurumlar dövlət mülkiyyətində qalmalıdır, amma çox ciddi nəzarət mexanizmləri olmalıdır və normativlər olmalıdır. Bir insan üç il ərzində, beş il ərzində gördüyü işə görə hesabat verib, onun qarşısında qoyulmalı olan normativlərə əməl etmirsə o ən azından kənara çəkilməlidir, inzibati məsuliyyət tətbiq olunmalıdır. Daha ağır problemlər olduğu halda isə başqa məsuliyyət növlərindən söhbət getməlidir.

Hesab edirəm ki, qiymət artımı effektiv üsul hesab oluna bilməz. Çünki o qurumlar təbii inhisardırlar. O qurumların tariflərinin artımı şübhəsiz ki, inflyasiyaya yol açır, onun alternativi yoxdur. Təbii inhisarlar hər bir iqtisadi sistemdə tariflərin qiymətini artırırsa, o sahədə inflyasiya olacaq. Deməli həmin sahədə sosial problemlər qalxacaq, həmin sahədə işgüzar mühitə zərbə dəyəcək, investisiya mühitinə zərbə dəyəcək. Çünki qeyri-müəyyən qiymətlər olan yerdə heç kim investisiya yatırmaq istəmir. Ona görə də sözsüz ki, daha effektiv üsullara əl atmaq lazımdır, nəinki qiymət və tarif artımı. Qiymət və tarif artımı ən sadə, ən primitiv və eyni zamanda iqtisadiyyatda və sosial sahədə böyük problemlərə yol açan mexanizm kimi müasir iqtisad elmində qəbul edilir.

Qiymət artımının bütövlükdə inflyasiyaya səbəb olması qaçılmazdır. Çünki elmi cəhətdən əsaslandırılmış tədqiqatlar var. Əgər təbii inhisar subyektləri tarifləri artırırsa, onda həmin iqtisadi proseslərdə problemlər qaçılmazdır və belə hallarda inflyasiyanın olması labüddür”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026