Bir il altı ay sonra ali və orta məktəblərdə ənənəvi təhsil bərpa olunduqdan sonra tədrisi sağlam formada davam etdirmək üçün pandemiya qaydalarına riyaət edilir. Ancaq buna baxmayaraq, yenə də yoluxanlar var. Səbəbi isə xəstə olduğu halda dərsə gələn tələbələrdir. Belə ki, xəstə olduqları üçün dərsə gəlmədikləri gün qayib yazıldığı üçün bir çox tələbə test vermir, hətta xəstə olduğunu gizlədir. Nəticədə, şagirdlər, xüsusilə də tələbələr arasında yoluxmalar müşahidə edilib.
Bəs qarşısını almaq üçün nə edilməlidir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a danışıb:
“İlk növbədə qeyd edim ki, bir il altı aydan sonra ali və orta məktəblərdə təhsil bərpa edildi. Ölkədə pandemiyanın tam olaraq başa çatmamasına, 18 yaşdan yuxarı olan insanların əksəriyyətinin vaksin olunmasına baxmayaraq, tələbələr arasında mövsüm xəstəliklərinə yoluxma halları müşahidə edilir. Hesab edirəm ki, burda bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, 29 sentyabrda tədris açıldıqdan sonra ali və orta məktəblərin qarşısında yoxlama üçün uzun növbələr yarandı. İkincisi, bilirik ki, bir çox tələbə vaksini ali məktəb açıldıqdan sonra vurdurdu. Ona görə də, onlar arasında müəyyən qədər xəstələnənlər, həttə tələbələr arasında yoluxanlar da oldu. Koronavirus daşıyıcısı olanlar belə, müəyyən əlamətlər göstərmədiyi halda ciddi nəzarət olmadığı üçün universitetə daxil ola bilir. Bunun əsas səbəbi, özündə hər hansı bir əlaməti hiss edən şəxslərlə bağlı konkret qərarın qəbul edilməməsidir. Bu gün bəzən yoluxmuş şəxslər belə dərslərdə iştirak edirlər. Çünki onlar iştirak etməsələr, qayib yazılacaq. Bununla bağlı hələ də hüquqi baza yoxdur. Kifayət qədər tələbələr müraciət edir ki, xəstə olan tələbələr dərslərdə iştirak edirlər. Hesab edirəm ki, Nazirlər Kabineti tərəfindən bununla bağlı konkret qərar qəbul edilməlidir ki, hər hansı bir xəstəlik əlamətinə görə tələbələr dərsdə iştirak etməsələr, onlar üçün onlayn tədris təşkil edilsin. Mövcud qaydalara görə, yalnız mühazirələr onlayn keçirilir. Amma, hesab edirəm ki, xəstəlik səbəbindən dərslərdə iştirak etməyən şəxslərin təhsil alma hüququnun bərpası üçün mütləq şəkildə onlayn dərslər təşkil edilməlidir. Hal hazırda bizə bu hal ilə bağlı daha çox Dillər Universiteti, Bakı Slayvan Universiteti, Pedoqoji Universitetinin tələbələri müraciət edir. Onlar deyir ki, xəstə olduqları üçün dərsə gəlmədikləri günlərə görə qayib yazılır. Düzdür, onlar xəstəlik sənədi təqdim etdikdə iştirak etmədiyi günlər üzürlü hesab edilə bilər. Amma müəyyən şəxslər var ki, hal hazırda yoluxma ilə bağlı rəsmi sənədi yoxdur, özünü narahat hiss edir. Bir çoxu test də vermir. Bilirik ki, tələbələrin maddi imkanı mütamadi olaraq test vermək üçün kifayət deyil. Hazırda tələbələr test vermədiklərinə görə xəstə halda dərslərdə iştirak edirlər. Mütləq qarşısı alınmalıdır.”
Aytac Aslan