Növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Media nümayəndələri üçün tibbi savadlılıq təlimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
Nəzərə çatdırıb ki, buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq və bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək.
A. Əhmədova bildirib ki, pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq.
“Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - sığorta tərəfindən, müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş tərəfindən ödəniləcək”.
İzah edib ki, müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək.
“Bildiyiniz kimi, əsas təsiredici maddə əsasında müxtəlif brendlərə məxsus dərmanlar istehsal olunur. Eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni şərti kompensasiya məbləği ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi müştərək maliyyələşmə məbləği isə fərqli ola bilər”.
Mina Mikayılova