“Xocalıda erməni icmasının müəyyən nümayəndələri ilə görüşlər, müzakirələr yeni deyil”.
Bunu politoloq Nazim Cəfərsoy Bakıvaxtı.az-a Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əslində buna müzakirə də demək olmaz:
“Bu görüşlər əvvəllər də var idi. Sadəcə Ruben Vardanyan qondarma rejimə gəldikdən sonra, bu görüşlər sabotaj edilmişdi, Azərbaycan tərəfi haqlı mövqe ortaya qoymuşdu. Artıq Vardanyan maneəsinin aşılmasının sonunda bu məsələ gündəmə gəlib”.
Politoloq deyib ki, daha irəli gedişatdan danışmaq olar:
“Çünki Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı ermənilərlə dialoq üçün məsul şəxs təyin edib. Bu da görüşlərin davamlı bir prosesə çevriləcəyindən xəbər verir”.
Nazim Cəfərsoy hesab edir ki, istər Laçın yolundakı aksiyalar, istər Vardanyanın qovulması, istərsə də Ermənistan tərəfinin beynəlxalq arenadakı uğursuzluğu Azərbaycanın suveren ərazisinin tanınması istiqamətində gördüyü işlərin xeyirinədir.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədovda iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Nuranə Daxilqızı
















