Tanınmış teleaparıcı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ağır ailə itkisindən sonra ilk dəfə efirə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, onun anası Ofeliya Baxşəliyevanı bir neçə gün öncə itirən aparıcının bugünkü proqramı göz yaşları içində başlayıb.
“Səni axtarıram” verilişi ilə tamaşaçı qarşısına çıxan Xoşqədəm Hidayətqızı üçün bu dəfə studiyanın ab-havası tamam fərqli idi. O, ilk dəfə efirdə anasız olduğunu dilə gətirib, duyğularını gizlətməyib.
Hər zaman dəstəyini arxasında hiss etdiyi, ən çətin anlarında belə duasını eşitdiyi anasının yoxluğu ilə üzləşmək aparıcının sözlərinə də, baxışlarına da sirayət edib. Anasının onun verilişlərini izləyərkən etdiyi tənqidlər, dualar və ən əsası varlığı, bu dəfə efirdə yox idi. Xoşqədəm canlı yayım zamanı göz yaşlarını saxlaya bilməyib:
"İllərlə başqalarının acılarına şahid oldum, analarını itirənləri dinlədim, qucaqladım, amma bu hissin nə qədər ağır olduğunu bu gün anlayıram. Anam artıq yoxdur...”.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızı bir müddət əvvəl hər iki valideynində onkoloji xəstəlik aşkarlanmasından danışmış, atasının Türkiyədə çətin əməliyyat keçirdiyini bildirmişdi. Ailəsi üçün son aylarda yaşanan bu sınaqların ən ağırı isə anasının itkisi olub.
Əli Hüseynov