“Uzaq qohumdansa yaxın qonşu yaxşıdır” - əvvəllər bu məsəli tez-tez çəkərdilər. İndi nə uzaq qohum qalıb, nə də yaxın qonşu. Hər kəs öz evinə çəkilib.
Bir zamanlar qonşular bir-birinin ailə üzvlərini adları ilə tanıyar, hər bayramda bir-birinin qapısını döyər, sevincini-kədərini paylaşardı. İndi isə müasir həyat tərzi, dəyişikliklər və sürətli yaşam tərzi qonşuluq münasibətlərini bir qədər zəiflədib.
Bakıvaxtı.az qonşuluq münasibətlərinin indiki vəziyyəti ilə bağlı şəhər sakinləri arasında kiçik bir sorğu keçirib.
Yeni ailə həyatı quran Şəbnəm Əhmədova bildirib:
"Yeni ailə həyatı qurmuşam. Ata evində qonşularımızla çox gözəl münasibətlərimiz vardı, daim gediş-gəliş olurdu. Hazırda yaşadığımız yeni evdə qonşularımızı hələ tanımıram. Ümid edirəm ki, zamanla mehribanlaşarıq".
68 yaşlı Bakı sakini Zöhrə Məşədiyeva isə vəziyyətdən narazıdır:
"Əvvəllər qonşu qonşunun evinə açar qoyardı. İndi qapıbir qonşumuz kimdir, xəbərimiz yoxdur. Çox təəssüf ki, o isti münasibətlər itib".
Sosioloq Yusif Nəbiyev də Bakıvaxtı.az-a bildirib ki, qonşuluq münasibətləri ciddi dərəcədə zəifləyib. Onun sözlərinə görə, bu, sadəcə nostaljik, romantik bir şikayət deyil, urbanizasiya, Qərbdən idxal edilən individualizm və s. kimi sosial əlaqələrin struktur dəyişiklikləri ilə izah olunan real bir sosioloji hadisədir.
"Ferdinand Tönniesin məşhur "Gemeinschaft və Gesellschaft" konsepti bu prosesi çox gözəl açır. Tönnies izah edirdi ki, "Gemeinschaft" - yəni kənd tipli, yaxın, doğmalığa əsaslanan icmalar - yerini tədricən "Gesellschaft" - yəni şəhər tipli, müqavilə əsaslı, rəsmi və distant münasibətlərə verir. İndi olan da budur: qapılar açıq deyil, çünki münasibətlər artıq "məcburi yaxınlıq" deyil, seçimə bağlıdır".
Sosioloq qeyd edir ki, əvvəllər insanlar bir-birinə həm sosial, həm də iqtisadi baxımdan möhtac idilər:
"Bəli, sözün həqiqi mənasında möhtac. Qonşudan kömək almaq, lazım gələrsə bir-birinin evində qalmaq gündəlik həyatın parçası idi. İndi isə məhsulları çatdıran ayrı tətbiq var, yemək çatdıran ayrı tətbiq. Pul lazım olanda bank tətbiqindən anında kredit götürmək olur. Yəni indi qonşudan duz almaqdansa, tətbiqdən sifariş vermək daha az streslidir. Belə olan halda isə sual yaranır: Əgər hər şeyi pulunu verib həll etmək mümkündürsə, insan özünü münasibətləri idarə etməklə, kiməsə ağız açmaqla niyə yorsun ki?"
Yusif Nəbiyev: İndi qonşuluq iməcilik kimi qəbul olunur, əvvəlki kimi yaşamaq üçün zəruri instinkt deyil
Y.Nəbiyevin sözlərinə görə, müasir dövrün insanı öz "fərdi məkan" anlayışına ifrat önəm verir:
"Richard Sennett bunu "fərdi məkanın fetişləşdirilməsi" adlandırırdı. Hansı ki, insanları ictimai ünsiyyətdən daha çox öz qapalı dünyalarına çəkir. Yəni yeni dövrdə artıq qonşuluq bir ehtiyac yox, əksər hallarda əlavə zəhmət kimi görülür. Onsuz da kifayət qədər stressli bir dövrdə bir də qonşunun uşağının ad günü üçün yalandan məcbur gülümsəməyə heç kim könüllü deyil artıq".
"Qısası, zəmanə dəyişib, çünki cəmiyyətin əsas strukturları dəyişib. İndi qonşuluq iməcilik kimi qəbul olunur, əvvəlki kimi yaşamaq üçün zəruri instinkt deyil. Nəticə olaraq qonşuluqda daha seçici oluruq. Seçim kriteriyalarımız bəzən o qədər yüksək olur ki, tək qalmağı daha üstün tuturuq",- deyə sonda Yusif Nəbiyev vurğulayıb.
Nuriyyə Musayeva