• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

Yaxın Şərqdə sular durulmur: Qəzzada döyüşlər daha tez başlaya bilər

SİYASƏT

12 Fevral 2025 | 11:31

Yaxın Şərqdə sular durulmur: Qəzzada döyüşlər daha tez başlaya bilər

İsrailin Baş naziri Benyamin Netanyahu Həmasa xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, açıqlamasında bildirib ki, Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - o, hökumətin dörd saat davam edən iclasından sonra deyib.

Maraqlıdır ki, HƏMAS Netanyahunun xəbərdarlığına əməl etməsə, bölgəni hansı aqibət gözləyir?

Siyasi şərhçi Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə çox ciddi qüvvələr var və onlar regionda sabitliyin əldə olunmasında maraqlı deyillər. Onun sözlərinə görə, əslində Yaxın Şərqdə tezliklə suların durulacağı ağlabatan görünmür:

“Bu gün Rusiya-Ukrayna müharibəsinin başa çatması və daşların qismən yerində oturması Yaxın Şərqlə müqayisədə daha real görünür. Çünki Şərqi Avropada məqsədlərə artıq çatılıb, Yaxın Şərqdə isə hələ məqsədlər tam icra olunmayıb. Yaxın Şərqdə gərginliyin artması və perpektivdə İranın müharibəyə qoşulması ehtimalı daha yüksəkdir".

Kənan Novruzov: İsrail dayanmadan irəli gedir və HƏMAS-ı tamamilə məhv edəcəyini bildirib

K.Novruzov hesab edir ki, ABŞ İsrail vasitəsilə İranı növbəti gərginliyə çəkməyə çalışır:

"Məlumdur ki, İran ABŞ-nin ən böyük düşmənidir. Bu gün Tramp İrana qarşı təzyiqləri artırmaq üçün mümkün vasitə və imkanlardan istifadə etməyə çalışır. Bu baxımdan Qəzzada döyüşlər hətta fevralın 15-dən də tez başlaya bilər. Onsuz da İsrail dayanmadan irəli gedir və HƏMAS-ı tamamilə məhv edəcəyi ilə bağlı məqsədini dəfələrlə açıq şəkildə bildirib”.

“Görünən odur ki, ABŞ də İsrailə lazımi dəstəyi verir. Qarşıdakı dövrdə İranın bataqlığa salınması ehtimalı yüksəkdir", - deyə Kənan Novruzov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR