Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlər beynəlxalq hüququn və insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.
İyunun 27-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən Yekaterinburq şəhərində həyata keçirilən əməliyyat zamanı iki azərbaycanlı öldürülüb, bir neçə nəfər yaralanıb və 9 nəfər saxlanılıb. Hadisə azərbaycanlı icmasına qarşı qeyri-mütənasib güc tətbiqi, işgəncə və diskriminasiya iddiaları ilə müşayiət olunub. Yaşananlar təkcə Azərbaycan-Rusiya münasibətləri çərçivəsində deyil, həm də regionda etnik azlıqların təhlükəsizliyi kontekstində ciddi narahatlıqlar doğurur. Azərbaycanın rəsmi dairələri hadisəyə sərt reaksiya verərək, məsələ ilə bağlı Rusiyaya etirazını çatdırıblar.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verənlər insan hüquqlarının ciddi şəkildə pozulması nümunəsidir.
Deputat vurğulayıb ki, Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən əməliyyatlar regionda etnik münasibətlərin gərginləşdiyini və hüquq normalarının pozulduğunu açıq şəkildə göstərir:
“Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində iki soydaşımız həlak olub, bir neçəsi ağır yaralanıb, doqquz nəfər isə saxlanılıb. Bu hadisələr təkcə Azərbaycan-Rusiya münasibətlərində deyil, ümumilikdə regionda etnik azlıqların təhlükəsizliyi məsələsində ciddi suallar doğurur. FTX əməkdaşlarının azərbaycanlıların yaşadığı ünvanlara basqını zamanı həddindən artıq güc tətbiq edilib. Şahidlərin sözlərinə görə, saxlanılan şəxslərdən birinə elektrik cərəyanı ilə işgəncə verilib. Bu kimi hallar beynəlxalq hüquq normalarının və fundamental insan hüquqlarının açıq-aşkar pozulması deməkdir”.
N.Həmzəyevin sözlərinə görə, baş verənlərlə bağlı Rusiya rəsmiləri tərəfindən aydın və əsaslandırılmış açıqlama verilməyib ki, bu da əməliyyatların qanunsuzluğuna dair narahatlıqları daha da artırır:
“Azərbaycanın Xarici İşlər Nazirliyi hadisənin baş verdiyi gün Rusiyanın ölkəmizdəki səfirliyinə nota təqdim edərək rəsmi etirazını bildirib. Sözügedən əməliyyat bir sıra beynəlxalq hüquq prinsiplərinin pozulmasını ehtiva edir: həyat hüququ, işgəncəyə məruz qalmamaq, ədalətli məhkəmə təminatı, habelə xarici vətəndaşların hüquq və təhlükəsizliyinin qorunması. Eyni zamanda, etnik azlıqlara qarşı ayrı-seçkilik və diskriminativ yanaşma da bu kontekstdə nəzərə çarpır”.
Naqif Həmzəyev: Son illər Rusiyada azərbaycanlı icmasına qarşı təzyiqlərin artması müşahidə olunur
Müsahibimiz qeyd edib ki, baş verənlər təkcə ayrı-ayrı hadisə kimi deyil, daha geniş siyasi çərçivədə dəyərləndirilməlidir:
“Son illər Rusiyada azərbaycanlı icmasına qarşı təzyiqlərin artması müşahidə olunur. Bu isə ikitərəfli əlaqələrdə gərginliklərə səbəb olur. Repressiv tədbirlərin kökündə geosiyasi qarşıdurmaların kəskinləşməsi, regional təsir dairələrinin yenidən formalaşması, həmçinin Rusiyada mövcud daxili siyasi gərginliklərin xaricə yönəldilməsi dayanır. Digər tərəfdən, Rusiyanın müharibə məqsədilə insan resursları çatışmazlığı da bu vəziyyəti dərinləşdirən amillərdəndir”.
N.Həmzəyev əlavə edib ki, Yekaterinburq olayları etnik azlıqların təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
“Azərbaycan dövləti, həm ölkə vətəndaşlarının, həm də Rusiyada yaşayan soydaşlarımızın hüquq və təhlükəsizliyini təmin etmək üçün daha kompleks və sistemli yanaşma ortaya qoymalıdır. Bu hadisələr, eyni zamanda, Azərbaycanın xarici siyasətində diversifikasiya strategiyasının əhəmiyyətini bir daha göstərdi. Tək tərəfdaşlığa əsaslanan siyasətin risklərini azaltmaq üçün çoxtərəfli diplomatik əlaqələrin gücləndirilməsi zəruridir. Gələcəkdə bu kimi halların qarşısının alınması üçün Azərbaycan həm ikitərəfli, həm də beynəlxalq platformalarda daha təsirli mexanizmlər formalaşdırmalıdır. Bu, yalnız konkret insidentlərə reaksiya ilə məhdudlaşmamalı, uzunmüddətli dövrdə vətəndaşlarımızın hüquq və təhlükəsizliyini təmin edən davamlı siyasətə əsaslanmalıdır”, - deyə Naqif Həmzəyev vurğulayıb.
Əli Hüseynov