Rusiya da iki yeni göbələk növü aşkar edilib.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, göbələklər Primoryedə yerləşən Sixote-Alin qoruğunda tapılıb.
Məlumata görə, yeni tapılan göbələklərin müəyyən edilə bilən saplaqları yoxdur, şapkaları isə yarımdairəvi və ya yelpik formasındadır. Növlərdən biri qoruğun əməkdaşı Vladimir Sokolovun şərəfinə “Sokolov krepidotusu” adlandırılıb. Bu göbələk kiçik, qırmızımtıl-qəhvəyi rəngli meyvə cisimlərinə malikdir və yalnız Maksimoviç qovağının gövdəsində rast gəlinir. Onun unikallığı yalnız elektron mikroskop vasitəsilə görünə bilən mikroskopik tikanlarla örtülmüş kürə formasında sporlarındadır.
İkinci tapıntı isə “Hindistan krepidotusu”dur. Bu növ ilk dəfə yeddi il əvvəl Hindistanda təsvir edilib, sonradan Şimali Amerikada tapılıb və indi Rusiyada da aşkarlanıb. Onun parlaq narıncı-çəhrayı rəngli, diametri 1-2 sm olan şapkaları var və o da Maksimoviç qovağının çürümüş gövdəsində bitir.
Bildirilib ki, hər iki növ meşə ekosistemində mühüm rol oynayır, ölü ağac materiallarının parçalanmasına və maddələrin dövranına töhfə verir.
Mina Mikayılova