“2025-ci il qlobal miqyasda siyasi və təhlükəsizlik baxımından ciddi dəyişikliklərlə yadda qalıb. Dünyada mövcud nizamın transformasiyası və yeni güc balanslarının formalaşması beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib”.
Bu fikirləri politoloq Oqtay Qasımov qlobal siyasi prosesləri şərh edərkən Bakıvaxtı.az-a bildirib.
Politoloq qeyd edib ki, 2025-ci ilin əvvəlindən etibarən Donald Trampın yenidən hakimiyyətə qayıdışı ABŞ siyasətində kəskin və prinsipial dəyişikliklərə səbəb olub. Onun fikrincə, bu dəyişikliklər təkcə Amerikanın daxili siyasətinə deyil, bütövlükdə beynəlxalq münasibətlər sisteminə təsir göstərir:
"Sentyabr ayında Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti, eləcə də Çinin İkinci Dünya müharibəsinin başa çatması ilə bağlı təşkil etdiyi tədbirlər dünyada alternativ güc mərkəzinin formalaşdığını göstərən açıq siqnallardır".

Oqtay Qasımov: Avropadakı təhlükəsizlik sistemi effektivliyini itirib
Müsahibimiz diqqətə çatdırıb ki, paralel olaraq qlobal təhlükəsizlik məsələləri daha da aktuallaşıb və yeni təhlükəsizlik arxitekturasına ehtiyac açıq şəkildə hiss olunur. Onun fikrincə, xüsusilə Avropada uzun illər mövcud olmuş təhlükəsizlik sistemi artıq effektivliyini itirib.
Oqtay Qasımovun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi mövcud güc balanslarını pozub və regional, eləcə də qlobal təhlükəsizlik mexanizmlərinə ciddi təsir göstərib. Bu proseslər dünya nizamının yenidən qurulmasını və təhlükəsizlik arxitekturasının yenilənməsini zəruri edir.
"Dünyada formalaşmaqda olan yeni sistem yeni siyasi nizam və yeni təhlükəsizlik modelini qaçılmaz edir".
Zeynəb Rzayeva
Bakı 


jpg-1766991617.jpg)

