Novruz bayramında yaxın qohumların, yaşlı insanların ziyarət olunması adət-ənənələrimizdəndir. Qarşıdan bayram tətili gəlir. İnsanlar arasında yaxın təmas çoxalaq. Belə olan halda, koronavirusun atrma ehtimalı da yaranır.
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, bayram tətili günlərində yoluxma sayının artacağını düşünmür: “Yüngül bir təsiri ola bilər, amma hazırda yoluxmanın azalması karantin qaydaları ilə bağlı deyil, təbii şəkildə baş verib. Bu da kollektiv immunitetin formalaşması ilə bağlıdır. Bunda omikron variantı böyük rol oynadı. Çünki omikron ştamı sürətlə yoluxurdu və yüngül keçirdi”.
İnfeksionist yoluxma sayının azalmasında vaksinasiya prosesinin də müəyyən rol oynadığını deyir. Onun sözlərinə görə, bəzi şəxslərin peyvənddən sonra immuniteti daha da yaxşı oldu, nəticədə virusun yoluxma sayında təbii şəkildə enmə baş verdi. Həkimin sözlərinə görə, bu, öncədən proqnozlaşdırılırılmışdı: “Proqnozlaşdırmışdıq ki, yoluxma sayı azalacaq və pandemiya üzü yaya doğru bitəcək. Belə də oldu, artıq yoluxma sayı azalır və pandemiya bitmək üzrədir”.
Bununla belə, müsahibimiz müəyyən karantin qaydalarına əməl edilməyəcəyi halda, yoluxma sayının arta biləcəyini deyərək, hər kəsi qaydalara əməl etməyə çağırıb.
Aytac Aslan
















