Rahat yuxuya getmək istəyi bəzən ömürlük yuxuya səbəb ola bilər. Bəzi insanlar yuxu problemi olmasa belə yuxu dərmanlarından istifadə edirlər.
Bəs yuxu dərmanları nə zaman istifadə olunmalıdır? Bunun nə kimi ziyanları var?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-nevropatoloq Rəna Abbasova bildirib ki, son zamanlar aktual problemlərdən biri də yuxu problemidir. İnsanları ən çox həkimə sövq edən problem yuxuya gedə bilməmək, yuxudan tez-tez ayılmaq, narahat yatmaq və s.-lə bağlıdır:
“Öncə yoxlanılmalıdır ki, bu, həqiqətən yuxu pozğunluğudur, yoxsa hər hansısa bir somatik xəstəlik, ağrı sindromdur ki, yuxuya getməyə mane olur. Həftə ərzində 3 dəfədən artıq yuxu pozğunluğunu özünüzdə müşahidə edirsinizsə, bu zaman mütləq həkimə müraciət etməlisiniz”.
Müsahibimizə görə, bəzən elə situasiyalar olur ki, istəməsək belə yuxusuz qala bilirik:
“Məsələn tələbələr, abituriyentlər bəzən dərslərini gecəyə saxlayıb oyaq qalırlar, yaxud iş rejimindən dolayı oyaq qalanlar olur. Əlbəttə, bu zaman yuxu pozğunluğu meydana gələcək, ancaq hər hansısa xəstəliyin əlaməti deyil”.
Rəna Abbasova: Həftə ərzində 3 dəfədən artıq yuxu pozğunluğu müşahidə edirsinizsə...
Həkim-nevropatoloq qeyd edib ki, yuxu problemi olan insan günorta yatmamalı, yuxudan əvvəl tünd içkilər içməməli, yemək yeməməlidir. Yuxu gigiyenasına riayət olunduğu zaman əgər yenə də yuxu problemi yaşayırsızsa, o zaman bitki tərkibli, yaxud yuxu hormonu tərkibli preparatlardan istifadə etmək olar, lakin daha yüksək dozaya malik preparatları isə mütləq həkim tövsiyəsi ilə qəbul etmək lazımdır:
“Yuxu dərmanlarının təsiri iki cür - uzunmüddətli və qısamüddətli olur. Uzun müddətli istifadə olunan bu dərmanlar təbii ki, asılılıq yaradır. Qısamüddətli olan təsirlər ağızda quruluq hissi, baş ağrısı, gün ərzində halsızlıq və s. kimi hallardır, lakin bunlar qalıcı deyil, bir neçə gün ərzində keçib gedir. Uzunmüddətli olan təsirlərdən ən başlıcası asılılıqdır, orqanlara ciddi ziyan vurur, yaddaşı zəiflədir alzheimer xəstəliyinə belə gətirib çıxara bilir, sonda ölümə belə aparır”.
Nuriyyə Musayeva