"Fevralın 24-də müharibə başlayandan bəri 40 minə yaxın rus əsgəri həlak olub, on minlərlə insan yaralanıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
Müharibə ilə bağlı son hadisələri dəyərləndirən Zelenski Odessanın yenidən vurulduğunu xatırladaraq, qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi bu cür hücumlarla bağlı nə yalan desə də, buna mütləq cavab veriləcək: "İşğalçılar cəzasız qalmayacaq”.
Rusiyanın öz xalqına müharibə ilə bağlı məlumat vermədiyini bildirən Zelenski, qarşı tərəfin 40 minə yaxın hərbçi itkisi olduğunu deyib.
Ukrayna prezidenti Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək qərarını alqışlayaraq, "Böyük Britaniyaya icra məsələlərində sarsılmaz öhdəliyinə görə" minnətdarlıq edib. Zelenski deyib ki, bu, Qərb dünyasında hər kəsin əməl etməli olduğu bir nümunədir.
Zelenski təbii qaz böhranını da dəyərləndirib. Onun sözlərinə görə, bu gün Avropa bazarında qazın qiymətinin min kubmetr üçün 2000 dollardan çox artması ilə bağlı xəbərlər artıq Rusiyaya qarşı sanksiyaları genişləndirmək üçün kifayət qədər səbəbdir: "Çünki Rusiyanın Avropaya qarşı məqsədyönlü qiymət terroru olduğu hamı tərəfindən çox aydın görünür”.
Aytac Aslan
















