Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə simvola çevrilmiş hərbi üslubdakı geyimlərindən tədricən imtina edərək daha rəsmi, klassik üsluba keçib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Zelenskinin geyimlərini hazırlayan tanınmış dizayner Viktor Anisimov Ukraynanın "Telegraf" nəşrinə müsahibəsində deyib ki, bu dəyişiklik təsadüfi deyil. Qeyd olunur ki, bu addımın arxasında həm şəxsi, həm də siyasi səbəblər dayanır.
Dizaynerin sözlərinə görə, Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya rəsmi tədbirlər zamanı ərinin hərbi tərzdə geyinməsinin artıq uyğun olmadığını dilə gətirib. O, prezidentin protokola uyğun və estetik baxımdan daha müasir görünməsini istəyib. “Bir tərəfdə klassik, zərif geyimdə birinci xanım, digər tərəfdə isə hərbi tərzdə prezident, bu artıq balanssız görünürdü”, - deyə Anisimov bildirib.
Yeni geyimin ilk təqdimatı Ukrayna liderinin Vatikan səfəri zamanı baş tutub. Zelenski burada hərbi “hoody” əvəzinə tamamilə qara rəngli, müasir kəsimli formaya bənzər, lakin rəsmi görüntülü kostyumda görünüb. Anisimov bu dəsti “estetik, funksional, lakin bir o qədər də təmkinli və güclü” olaraq xarakterizə edir.
Dizayner deyir ki, prezidentin razılığını almaq asan olmayıb. “Zelenski illərlə hərbi üsluba sadiq qalıb, bu, sadəcə geyim deyil, həm də onun mövqeyinin və mesajının bir hissəsi idi. Ancaq dəyişiklik üçün artıq vaxt yetişmişdi,” – deyə o qeyd edib. Dizayner prezidentə sınaq üçün xüsusi “total black” (tam qara) geyim kapsulu hazırlayıb, o da bu variantla razılaşıb.
Xüsusi hazırlanmış kostyumun əsas elementi NATO sammiti üçün dizayn edilən “jaket-pidjak” olub. Bu geyim klassik kostyumla hərbi sadəliyin sintezini əks etdirir, müasir formalar, yumşaq yaxa xətləri və minimalizm ön plandadır. Dizayner qeyd edir ki, prezident üçün həm də klassik kostyumlar, köynəklər və gündəlik geyimlər hazırlanıb.
Zelenskinin dəyişikliyi yalnız görünüşdə deyil, həm də ictimai siqnalda hiss olunur, artıq o, təkcə döyüş meydanında olan lider deyil, həm də beynəlxalq diplomatiyada balanslı və sabit dövlət başçısı obrazını formalaşdırır.
Dizayner Anisimov sonda bildirib ki, bu kapsul geyim kolleksiyası yalnız prezident üçün deyil, həm də ictimaiyyət üçün nümunə ola bilər: “Bu geyimlərdə məsuliyyət və dəyərlər var. Onları daşımaq yalnız stil deyil, həm də mövqe deməkdir.”