23 apreldə İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ Boğaz sahilindəki tarixi villa sahiblərini narahat edib. Xüsusilə xarici mülk sahibləri villalarını satışa çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Türkiyə mediası yazıb.
Qeyd olunub ki, son iki həftədə dəyəri milyardlarla lirə olan beş mülk satışa qoyulub.
Tikililərin əksəriyyətinin yaşı 100-200 ildir. Mütəxəssislər estetik və mədəni irs baxımından bənzərsiz olan bu tikililərin mühəndislik və yerə davamlılıq baxımından bugünkü standartlara uyğun olmadığını bildirirlər.
Məlumata görə, Boğaziçi boyunca təxminən 600 malikanə var. Bu malikanələrin əhəmiyyətli bir hissəsi tarixi abidə statusuna malikdir. Lakin bu, onların zəlzələyə davamlı olması demək deyil. Taxta materiallar və ənənəvi texnika ilə tikilən malikanələr zamanla köhnəlib. İndi daşınmaz əmlak bazarında tələb Bodrum, Alaçatı və Çeşmə kimi daha təhlükəsiz bölgələrə yönəlib./axar.az