Almaniyanın Kansleri Fridrix Merts 28 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Alman Ordusunun (Bundesver) Operativ Komandanlığında olub.
Bakıvaxtı.az xəbər verir ki, Kansler mərasimdəki çıxışında bu ziyarətinin təhlükəsizlik siyasətinin ön planda olduğu həftəyə təsadüf etdiyini vurğulayaraq, NATO-nun Haaqa Sammitində ümumi daxili məhsulun 5 faizinin müdafiə sahəsinə yönəldilməsi ilə bağlı tarixi qərarın qəbul olunduğunu xatırladıb. Davam edən Rusiya-Ukrayna müharibəsinin bu qərarların vacibliyini bir daha sübut etdiyini deyən Kansler bildirib: “Təhlükəsizliyimizi verilmiş bir nemət kimi qəbul edə bilmərik. Azadlıqda, sülh və təhlükəsizlik şəraitində yaşaya bilmək üçün daha çox iş görməliyik. Biz özümüzü müdafiə edə bilmək istəyirik ki, heç vaxt müdafiəyə məcbur olmayaq”.
F.Merts federal hökumətin bu istiqamətdə lazımi tədbirləri qətiyyətlə həyata keçirdiyini vurğulayaraq, müdafiə büdcəsinin gələcək illərdə əhəmiyyətli dərəcədə artırılması barədə qərarın qəbul olunduğunu qeyd edib.
Kansler mərasimdə “Xatirə meşəsi”ni ziyarət edərək, xarici missiyalar zamanı həlak olmuş 119 alman əsgərinin xatirəsini anıb.
Qeyd edək ki, Almaniya 2029-cu ilədək müdafiə büdcəsini mərhələli şəkildə 152,8 milyard avroya çatdırmağı planlaşdırır. 2024-cü ildə bu məbləğ 74,5 milyard avro təşkil edib, cari il üçün isə 115,7 milyard avro nəzərdə tutulub.