• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“Bizim Cəbiş müəllim”in arvadının parkinqi - Qalib İbrahimoğlu yazır
YAZARLAR
08 Iyun 2022 | 13:57

“Bizim Cəbiş müəllim”in arvadının parkinqi - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Bizdə quş quşluğuyla icazəsi olmadan bir budaqdan o birinə “posatka” edə bilməz. Birdən çaşıb bu fikrə düşsə (etsə yox ha), onun lələyini yolarlar. Quyruqsuz qoyub eləm-aləmə biabır edərlər. Bəs necə? Elə də olmalıdır…

İllər əvvəl yaşadığım evdə qışın qarı, payızın yağışı evin içindəydi. Vanna, vedrə, stəkan-nəlbəki  qalmırdı daman yerlərə qoyurdum. Bir gün evdə kiçik bir təmir etdirmək qərarına gəldim. JEK işçiləri fikrimi oxuyublarmış elə bil.

Başa saldılar ki, bəs JEK rəisinin icazəsi olmadan daşı daş üstə qoymaq mümkün deyil. Deyilən kimi də elədim. JEK rəisi məni əz əziz adamını görübmüş kimi qarşıladı. Hal-əhvaldan sonra mətləbə keçdik.

Dərdimi anlatmağa macal vermədi.

- Bilirsiniz, bundan ötrü icradan icazə almaq lazımdı.

- İcra Hakimiyyətindən xahiş edərəm.

- Yox ey, bunun yolu var.

- Ay müəllim, icradan icazə versələr necə?

- …

Elə onun yanında icra hakimiyyətinə zəng vurdum. Problemi dedim. “Onların görməli olduqları işi özünüz görürsünüz. Ona da mane olurlar?”

İcra Hakimiyyətinin icazəsindən sonra JEK rəisinin sifətindəki “bolşe zəhrimar”ın heç düşmənimin də görməyini arzulamıram. Zarafat deyil, adam ən azı 200 manatından olmuşdu.

Sözümün canı odu ki, bizdə görülən hər bir işdə, hətta, evində taxtın yerini belə dəyişəndə aidiyyatı qurumların xəbəri olur.

Xatırlayanlar xatırlayar, xatırlamayanlara da qısaca xatırladım. İllər əvvəl Yasamalda hündürmərtəbəli binanın tikintisi zamanı qəza nəticəsində tikili çökmüşdü. Onda öz təbiri ilə desək, Bakımızın icra başçısı olan Hacıbala Abutalıbov meriyanın tikintidən xəbərsiz olduğunu demişdi. Şəhərin mərkəzində 22 mərtəbəli bina tikilə və meriyanın bundan xəbəri olmaya? Kimə gəlirsən?!

İndi onun sözü olmasın, Nəsimi rayonunda ağac kəsilir, yerində parkinq salınır, bir müddət sonra ərazisi genişləndirilir, kimsə xəbər tutmur. Elə bil parklanmanı gecə evdə hazırlayıb, səhər “bazar sumkası”na qoyub gətirib orda salıblar. Bunun üçün ən azı bir neçə gün olmasa da, bir neçə saat iş gedib, axı. Ola bilməz ki, aidiyyatı qurumlar bu vaxt ərzində o işdən xəbərdar olmasınlar.

Gec də olsa, araşdırılıb və məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Hər işi dövlət başçısı görəcəksə, təyin olunan rəsmilərin işi nədi? Axı, bunun icra başçısı var, JEK rəisi var, bələdiyyəsi var, yaşıllaşdırması var, AAYDA-sı var… var, var… Niyə boş-boşuna maaş almalısınız?

Keçək, deyilən kimi, qanunsuz parklanmanı yaradan Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqına, hansı ki, rəhmətlik Rüstəm İbrahimbəyova qarşı bir ara başlamış kampaniyadan yararlanaraq yaradılmış bir qurumdu. Rəhbəri də xalq artisti Şəfiqə Məmmədovadır. Yeri gəlib, deyim. İllər əvvəl Şəfiqə Məmmədova Yevlaxdan deputat olmuşdu. Növbəti seçkidə yenə namizədliyini irəli sürəndə rayon camaatı “O, Cəbiş müəllimə sabun bişirtdirə bilmədi, bizim problemlərimizi necə həll edəcək” deyərək, narazılıq etmişdi.

Sabun bişirtdirə bilməsə də, illər sonra parklanma işini yaxşı bacardığını sübut etdi.

Nə isə, artıq "parkovka" sökülüb. Yoxdu artıq "parkovka". Cəhənnəmə getdi "parkovka". Gorbagor oldu "parkovka"…

Kaş ki, kino sahəsində də belə fərasətli, bacarıqlı olaydılar…

 


SON XƏBƏRLƏR