“Bolt” taksi xidmətindən narazılıqlar artır. Sərnişinlər qiymət uyğunsuzluğu və sürücü davranışından şikayətçidir. Xidmətdən istifadə edən bir çox sərnişin şirkətin tətbiqindəki qiymətlərin sürücülərin tətbiqində görünən məbləğlərlə üst-üstə düşmədiyini bildirir. Bu uyğunsuzluq həm sərnişinləri, həm də sürücüləri çətin vəziyyətdə qoyur və mübahisələrə səbəb olur.
Bakıvaxtı.az xəbər verir ki, belə problemlə üzləşən Sevda Məmmədova da şikayətini Musavat.com-a danışıb.
O bildirib ki, sifariş etdiyi taksinin qiyməti onun telefonunda 5.80 manat göstərildiyi halda, sürücünün tətbiqində isə 7.80 manat əks olunub: “Sürücüyə öz telefonumda olan qiyməti göstərdim. Mənə dedi ki, şirkət 7.80 göstərir və məndən həmin məbləği aldı”.
Sevda Məmmədova əlavə edib ki, sürücü qiymət mövzusunda aqressiv davranıb və sərt şəkildə öz tətbiqindəki məbləğdə israr edib. Onun sözlərinə görə, bu cür hallarda müştəri istər-istəməz sürücünün tələbini ödəməyə məcbur qalır və xidmətdən narazı ayrılır.
Məsələ ilə bağlı “Bolt” sürücüləri də oxşar şikayətlərə rast gəldiklərini təsdiqləyirlər. Onların sözlərinə görə, sərnişinin proqramında hər hansı kampaniya və ya endirim tətbiq olunarsa, bu, bəzən sürücünün tətbiqində qeydə alınmır. Sürücü sifarişi qəbul edərkən yalnız öz ekranında gördüyü məbləğə əsaslanır və buna görə ödəniş tələb edir.
“Sərnişin deyir ki, ona endirim çıxıb, amma mənim tətbiqimdə o endirim görünmür. Mən də proqramda yazılanı tələb edirəm. Əks halda fərqi öz cibimdən ödəməli oluram”.
“Bolt” xidmətindən digər bir şikayət isə sərnişinlərə qarşı sürücü davranışı ilə bağlıdır. Bloqer İmran Əliyev öz sosial media hesabında bununla bağlı video paylaşaraq yaşadığı hadisəni izləyiciləri ilə bölüşüb:
“Bolt”dan puluma qıyıb komfort taksi sifariş etdim. Maşın gəldi, arxa qapını açmağa çalışdım. Sürücüdən qapını açmağını xahiş edəndə dedi ki, gəl qabaqda otur. Təkrar eyni şeyləri dedim, amma o, razılaşmadı və mən də həmin taksiyə minmədim".