• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Elektron təhsilin üstünlükləri - Dos. İlham Əhmədov yazır
YAZARLAR
29 Dekabr 2021 | 10:07

Elektron təhsilin üstünlükləri - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Son onilliklərdə informasiya texnologiyalarının inkişafı  bu texnologiyaların  insan fəaliyyətinin bir çox sahələrində geniş tətbiqinə səbəb olub. Təhsil sektoru da istisna deyil.

E-təhsil (elektron təhsil)  20-ci əsrin sonlarında Qərb ölkələrində yarandı və təhsilin sürətli inkişafına təkan verdi. Təhsilin elektron formalarının yaranması və fəal şəkildə yayılması bir çox ölkələrin təhsil sistemlərinin dünyada gedən inteqrasiya proseslərinə, informasiya cəmiyyətinə doğru  inkişafa adekvat cavabı  idi.

Elektron təhsil  (E-learning  ingilis dilində olan “electronic learning”-in qısaldılmış formasıdır)  informasiya və elektron texnologiyalardan istifadə  ilə təşkil edilən təlim sistemidir.  E-təhsilə  YUNESKO mütəxəssisləri tərəfindən  belə tərif verilir: “e-Learning – İnternet və multimediadan istifadə edərək  təlim  texnologiyasıdır”.

21-ci əsrin əvvəllərində (əslində elə indi də)  ölkəmizdə elektron təhsil texnologiyasının zəif  inkişaf  tempi   açıq aşkar   hiss edilirdi.  Bir çox ölkələrdən fərqli olaraq bizdə  elektron təhsil formalarından geniş miqyasda istifadə olunmurdu. Hazırda dünya  təhsil  sistemində elektron təhsilin geniş tətbiqi üçün texniki zəmin yaradılıb. Bundan əlavə, bəzi hallarda elektron təhsil  ideyalarının həyata keçirilməsi müasir texniki vasitələrin imkanlardan geri qalır. Bu təhsil sisteminin ətalətliyi  ilə  əlaqədardır. Buna baxmayaraq, hər il elektron təhsil texnologiyalarından istifadə  getdikcə daha da geniş vüsət almaqdadır.

Hal-hazırda elektron təhsil, bir qayda olaraq, ikinci ali təhsil almaq, əlavə təhsil almaq və ya mütəxəssislərin yenidən hazırlanması və təkmilləşdirilməsi  üçün istifadə olunur.  Dünya təcrübəsi  göstərir ki, elektron təhsil (e-learning) əyani təhsilə əlavə yeni  imkanlar yaradır. 

Elektron təhsilin üstünlükləri.

Elektron təhsil sistemlərinin populyarlaşmasının və geniş tətbiqinin bir çox səbəbləri var. Əvvəla, bunlar elektron təhsilin “klassik” öyrənmə metodlarından olan aşkar üstünlükləri ilə əlaqədardır.

Distant təhsil müəllimlərə və tələbələrə bir-birindən xeyli məsafədə olaraq təhsil almağa imkan verir. Elektron təhsil sistemlərindən istifadə təhsili daha əlçatan edir, çünki bu, təhsil alanların daha geniş təbəqəsi üçün təhsil xidmətləri göstərilməsinə imkan verir. Korporativ təlim zamanı elektron forma əsas istehsal fəaliyyətini dayandırmadan, baş ofisdən və tədris mərkəzindən  uzaq məsafədə olmasına  baxmayaraq, şirkətin bütün filial və bölmələrində işçilərin mərkəzləşdirilmiş qaydada  təlim keçməsinə imkan verir. Məsələn, iş günü ərzində və ya asudə vaxtda, ya da təlim üçün ayrılmış vaxtda əməkdaşlar təlim ala bilirlər.

Təlim  almağın reallığı  və resursların  açıqlığı mütəxəssisə təhsili   peşə fəaliyyəti ilə birləşdirərək, parallel olaraq həyatının istənilən   mərhələsində təhsil almağa imkan verir.  Alimlərin son araşdırmaları göstərdi ki, elektron təhsil  ənənəvi  öyrənmə ilə müqayisədə  50-70% vaxta qənaət edə bilər. Qənaət olunan vaxtın  həcmi öyrənilən fənndən,  eləcə də formatdan asılıdır.

İqtisadi səmərəlilik

Ənənəvi kurslarla müqayisədə tam hüquqlu e-kursların hazırlanması  dəfələrlə baha başa gəlir.  Buna  baxmayaraq, e-formadan istifadə edərək bir tələbənin təhsil haqqı  əyani təhsillə müqayisədə xeyli aşağıdır. Təlimdə çox  sayda tələbə iştirak etdikdə elektron təhsilin maliyyə səmərəliliyi xüsusilə nəzərə çarpır. Elektron təhsil adi öyrənmə formatından daha ucuzdur.  Bu, yol xərclərinin aşağı olması, başqa şəhərdə yaşayış xərcləri və  təlimin təşkili (sinif otaqlarının icarəsi, kommunal xərclər, işçilərin əmək haqqı, müəllimlər üçün əlavə xərclər və s.) xeyli az  olması hesabınadır. Orta hesabla, elektron təhsil  ənənəvi  təhsillə müqayisədə  hər tələbəyə 50-60%-ə qədər qənaətə  imkan verir.

Təlimin fərdiləşdirilməsi, əlilliyi olan şəxslərin təlimə cəlb edilməsi

Elektron təhsil sistemlərinin tətbiqi fərdi öyrənmənin üstünlüklərini   (öyrənmənin keyfiyyəti  baxımından)   kütləvi  təhsilin üstünlüyü  (səmərəlilik baxımdan) ilə  birləşdirməyə imkan verir. Tədris sisteminin proqram təminatı kurrikulumun  tələbləri, müəllimlərin və ya təlim şəraitinin ehtiyac və xüsusiyyətlərinə fərdi qaydada  uyğunlaşmasını təmin etməlidir. Müstəqil təlim kursları (modulları)  kompleksindən siz fərdi və ya qrup ehtiyaclarına cavab verən xüsusi kurrikulum formalaşdıra bilərsiniz.

Elektron təhsil tələbələrdə  bu gün  hər insan üçün zəriru olan özünütəhsil  bacarıqlarını inkişaf etdirir. Tələbə özü sərbəst olaraq  öyrənmə tempini,  intensivliyini, modulların  sayını, ayrı-ayrı bölmələrin  öyrənilməsi ehtiyacını və s. müəyyən edir. Tələbə  dərslərin başlama vaxtını təyin etməkdə tədris müəssisəsindən və  müəllimdən asılı deyil, o, əlverişli  özünə uyğun vaxtda məşğul olur.

Bəzi tələbələr üçün tədris  prosesinin  psixoloji amili  vacibdir. Psixoloji nöqteyi-nəzərdən elektron təlim sistemlərindən istifadə nəzarət fəaliyyətini (qiymətləndirmə, sınaq, imtahan) yerinə yetirərkən müdavimlərin  yorğunluq, gərginlik  dərəcəsini azalda bilər. Bundan əlavə,  qiymətləndirmədə subyektiv amillər  istisna olunur.

Elektron təhsil sistemləri bir sıra xüsusiyyətlərdən - yaşayış yerindən, sağlamlıq vəziyyətindən, maddi rifahdan asılı olmayaraq təhsil üçün bərabər imkanlar təmin edir. Elektron təhsil çox çevikdir - siz onu istədiyiniz zaman, istənilən məkanda  başlaya və davam etdirə bilərsiniz. Hər bir tələbə üçün onun iş rejimi və təlim ehtiyacları nəzərə alınmaqla fərdi tədris planı hazırlana bilər.


SON XƏBƏRLƏR