Ermənistan parlamentinin bugünkü iclasında spiker Alen Simonyan Robert Köçəryanın prezident, Serj Sarkisyanın müdafiə naziri, Seyran Ohanyanın isə 1-ci ordu korpusunun komandiri olduğu ordu illərini xatırladıb.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Alen Simonyan həmin illərdə orduda özbaşınalıqların hökm sürdüyünü bildirib. Qeyd edib ki, əsgərlər normal qidalana bilmir, tez-tez zabitlər tərəfindən döyülüb təhqir olunurdu.
“İndi Seyran Ohanyan, Serj Sarkisyan, Robert Köçəryan hardadır, gəlsinlər, cavab versinlər: niyə əsgərə yeddi gündə bir dəfə çörək verirdilər? Niyə əsgər yeməyi ancaq qaynadılmış kələm, kartofdan ibarət idi?”, - Simonyan keçmiş rəhbərliyi ittiham edib.
O, həmçinin əlavə edib ki, əgər Ermənistandakı həbslər həqiqətən də siyasi motivli olsaydı, həbsxanalarda boş yer qalmazdı.
"Əgər biz doğrudan da siyasi səbəblərlə hərəkət etsəydik, həbsxanalarda yer qalmazdı. Hamınızı ora soxardıq - yalan danışdığınıza və başqaları üçün işlədiyinizə görə", - o, müxalifətə səslənib.