Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında III yeri tutan universitet komandasının üzvləri ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı rektor tələbələrin təhsildə qazandıqları uğurlarla yanaşı, elmi tədqiqatlara maraq göstərməsini və intellektual müsabiqələrdə fəal iştirakını yüksək qiymətləndirib.
Məleykə Abbaszadə gənclərin Azərbaycan dilini, eləcə də ən azı bir xarici dili mükəmməl bilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin xarici dillərə marağının artırılması ilə bağlı irəli sürülən təkliflərin nəzərdən keçiriləcəyini bildirib.
Rektor tələbələrlə kommunikasiyanın gücləndiriləcəyini, onların təşəbbüslərinə hər zaman açıq olduğunu diqqətə çatdırıb. O, həmçinin universitetdə fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyəti ilə maraqlanıb.
Daha sonra tələbələrin təklifləri dinlənilib. Görüşün sonunda komanda üzvlərinə hədiyyələr təqdim olunub.














