• Bakı 25° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

Məntiqlə ət ucuzlaşmalı idi, amma... - Ekspert  RƏYİ
CƏMİYYƏT
13 Avqust 2025 | 14:00

Məntiqlə ət ucuzlaşmalı idi, amma... - Ekspert  RƏYİ

Bu ilin I yarısında Azərbaycan 22 min 396 ton ət idxal edib.

Bakıvaxtı.az xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Məlymata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4 069 ton (15,3 %), dəyər baxımından isə 11 milyon 439 min ABŞ dolları (19,5 %) azdır. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

İdxalın azalması ölkəmizdə ətin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?

Bu sualın cavabını Bakıvaxtı.az-a açıqlamasında aqrar sahə üzrə ekspert Akif Nəsirli cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycana idxal olunan ətin dəyərinin və çəkisinin azalması reallığı əks etdirmir:

"İdxalın azalması o deməkdir ki, ölkə daxilində ət istehsalı artıb. Ətin ölkə daxilində istehsalı artıbsa, bəs nəyə görə ətin qiyməti getdikcə bahalaşır?! İdxal azalıb və yerli istehsal artıbsa, bu halda ətin qiyməti tədricən ucuzlaşmalı idi”.

Akif Nəsirli:  Əgər ölkədə həqiqətən ət istehsalı artıbsa, qiymət artımı əks tendensiya ilə əvəzlənməli idi

Müsahibimiz vurğulayıb ki, ətin idxalının azalması reallığı əks etdirsəydi, ölkə daxilində ətin ucuzlaşması baş verərdi:

“Halbuki ətin daha az tələb olunduğu vaxtlarda, xüsusən də yay aylarında, Məhərrəmlik ayında və tərəvəzin bol olduğu zamanda ətin qiyməti bahalaşıb".

Ekspert bildirib ki, hazırda qoyun əti 20 manatdan 22 manata, mal əti 15 manatdan 17 manata qalxıb. Bu artım cüzi deyil.

"Qoyun əti 10 faiz, mal əti isə təxminən 15-16 faiz bahalaşıb. Əgər ölkə daxilində həqiqətən ət istehsalı artıbsa, qiymət artımı əks tendensiya ilə əvəzlənməli idi. Ətin qiyməti əksinə bahalaşırsa, deməli, ət idxalının azalması sadəcə siyasi rəqəmlərdir və reallıqdan uzaqdır", - deyə Akif  Nəsirli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

13 Avqust 2025