Son həftələr Yaxın Şərqdə həm hərbi, həm də diplomatik müstəvidə diqqətçəkən proseslərlə yadda qalıb.
İranın xarici işlər naziri Abbas Əraqçinin Omanla Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi və keçid mexanizmi ilə bağlı danışıqların yekunlaşmaq üzrə olduğunu açıqlaması bölgədə gərginliyin azaldılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir. Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri olduğundan burada sabitliyin qorunması təkcə region dövlətləri üçün deyil, qlobal iqtisadiyyat baxımından da strateji əhəmiyyət daşıyır.
Digər tərəfdən, İranın nüvə proqramı ətrafında davam edən mübahisələr, ABŞ və İsrailin Tehrana qarşı sərt mövqeyi, Qəzza zolağında davam edən müharibə və Livan istiqamətində müşahidə olunan təhlükəsizlik riskləri Yaxın Şərqin hələ də yüksək geosiyasi gərginlik zonası olaraq qaldığını göstərir.
Bununla yanaşı, Oman yenidən regional diplomatiyanın əsas vasitəçilərindən biri kimi ön plana çıxır. Maskatın həm İran, həm də Qərb ölkələri ilə dialoq kanallarını açıq saxlaması onu böhranların idarə olunmasında mühüm aktora çevirib. Ekspertlər hesab edirlər ki, Hörmüz boğazı ilə bağlı mümkün razılaşma hərbi qarşıdurma riskini müəyyən qədər azalda bilər. Lakin regionda uzunmüddətli sabitlik yalnız dəniz təhlükəsizliyi ilə məhdudlaşmır. İran-ABŞ münasibətləri, İsrail-İran qarşıdurması, ərəb ölkələrinin təhlükəsizlik siyasəti və nüvə dosyesi kimi məsələlər həllini tapmadan Yaxın Şərqdə tam sabitlikdən danışmaq çətin görünür.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu proses ilk növbədə onu göstərir ki, tərəflər hərbi eskalasiyanın iqtisadi nəticələrinin fərqindədirlər və riskləri minimuma endirməyə çalışırlar. Hörmüz boğazı dünya enerji bazarının əsas arteriyalarından biri olduğundan burada hər hansı böhran qlobal iqtisadiyyata birbaşa təsir edir. Onun sözlərinə görə, Oman uzun illərdir regionda etibarlı vasitəçi kimi çıxış edir və diplomatik imkanları yenidən ön plana çıxır. İran da beynəlxalq təzyiqlərin artdığı bir dövrdə dialoq kanallarını tam bağlamaq niyyətində olmadığını nümayiş etdirir. Politoloq hesab edir, bu danışıqlar etimad mühitinin formalaşmasına töhfə verə bilər. Lakin yekun nəticə tərəflərin razılaşmanın şərtlərinə nə dərəcədə əməl etməsindən asılı olacaq.
Bu danışıqların Yaxın Şərqdə gərginliyin azalmasına real təsirinə gəlincə, müsahibimiz hesab edir ki, müəyyən qədər təsir göstərə bilər, lakin bunu bütün regional problemlərin həlli kimi qiymətləndirmək düzgün olmaz. Dedoyonə görə, hazırda Yaxın Şərqdə paralel şəkildə bir neçə böhran mövcuddur və onların hər biri müxtəlif güc mərkəzlərinin maraqları ilə bağlıdır. Qəzza müharibəsi, İsrail-İran qarşıdurması və nüvə proqramı ətrafındakı fikir ayrılıqları davam etdiyi müddətdə risklər tam aradan qalxmayacaq:
“Hörmüz boğazı ilə bağlı razılaşma daha çox dəniz təhlükəsizliyi və enerji daşımalarının sabitliyinə xidmət edir. Bu isə regional iqtisadi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Amma uzunmüddətli siyasi sabitlik üçün daha genişmiqyaslı diplomatik razılaşmalar tələb olunur”.
Həmsöhbətimizə görə, Omanın vasitəçi kimi rolu gələcəkdə daha da güclənə bilər:
“Son hadisələr göstərir ki, Oman Yaxın Şərq diplomatiyasında özünəməxsus mövqeyini qoruyub saxlayır. Bu ölkə həm İran, həm Körfəz dövlətləri, həm də Qərb paytaxtları ilə dialoq imkanlarını itirməyib. Məhz bu balanslı siyasət ona mürəkkəb məsələlərdə etibarlı vasitəçi statusu qazandırır”.

Züriyə Qarayeva: Hazırkı mərhələdə ən real ssenari məhdud gərginliklə diplomatik təmasların paralel davam etməsidir
Politoloq qeyd edib ki, əgər Hörmüz boğazı ilə bağlı razılaşma uğurla nəticələnsə, Omanın gələcək regional danışıqlarda rolu daha da arta bilər. Bu, digər mübahisəli məsələlərin müzakirəsi üçün də yeni diplomatik platformaların yaranmasına şərait yaradar. Beləliklə, Oman bölgədə sabitliyin qorunmasına töhfə verən əsas aktorlardan biri kimi mövqeyini möhkəmləndirə bilər.
Züriyə Qarayeva bildirib ki, hazırkı mərhələdə ən real ssenari məhdud gərginliklə diplomatik təmasların paralel şəkildə davam etməsidir. Tərəflər bir tərəfdən hərbi çəkindirmə siyasətini saxlayır, digər tərəfdən isə diplomatik kanalları tam bağlamaq istəmirlər. Bu yanaşma regionda genişmiqyaslı müharibə riskini azaltsa da, lokal qarşıdurmaların baş verməsi ehtimalını aradan qaldırmır. Enerji təhlükəsizliyi və beynəlxalq ticarət marşrutlarının qorunması əsas prioritet olaraq qalacaq:
“Buna görə də yaxın aylarda diplomatik təşəbbüslərin intensivləşəcəyini gözləmək mümkündür. Lakin davamlı sabitlik yalnız regional güclər və beynəlxalq aktorlar arasında daha geniş siyasi razılaşmalar əldə olunacağı təqdirdə mümkün olacaq”.
Zülfü Məmmədov
Bakı 











