• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Paşinyan Qərbə yönələn kimi köçəryanlar, sərkisyanlar dirçəlirlər - AÇIQLAMA
SİYASƏT
15 May 2025 | 16:12

Paşinyan Qərbə yönələn kimi köçəryanlar, sərkisyanlar dirçəlirlər - AÇIQLAMA

"Ermənistan guya balanslaşdırılmış siyasət yürütmək istəyir. Yəni həm Qərblə, həm də Rusiya ilə münasibətləri davam etdirməklə balanslı yol tutmağa çalışır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

Deputat vurğulayıb ki, əslində balanslı siyasət yürütmək üçün müstəqil mövqe sahibi olmaq lazımdır:

"Ermənistan heç zaman müstəqil siyasət yürütmək imkanlarına malik olmayan qondarma bir dövlətdir. Uzun müddət ərzində Rusiyanın forpostu olaraq fəaliyyət göstərib. İndiki mövcudluğu da əslində Rusiyanın forpostu olaraq qalmasıdır. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Dəfələrlə deyilib ki, Ermənistan iqtisadiyyatı birmənalı Rusiyadan asılıdır. Ölkədəki şirkətlərin böyük hissəsi Rusiya şirkətlərinin törəmə qurumlarıdır. Ermənistanda, Gümrüdə rus bazasında 6 mindən çox Rusiya hərbçisi yerləşdirilib. Eribunidə Rusiyanın hərbi hava qüvvələri var. Hələ də Ermənistanın Türkiyə ilə sərhədləri rus sərhədçiləri tərəfindən mühafizə edilməkdədir. Bütün bunların fonunda Ermənistanın Rusiyanın boyunduruğundan birmənalı qopması və Qərbə yönəlməsi qeyri-mümkündür".

Arzuxan Əlizadə qeyd edib ki, Nikol Paşinyan 2018-ci ildə Qərb dairələrinin bilavasitə Ermənistandan hakimiyyətə gətirilib:

"O zaman Paşinyanın üzərinə öhdəlik qoyulub ki, Rusiyanın təsir dairəsini azaltsın və Qərbə doğru siyasət yürütsün. Paşinyan Qərbə doğru yönəldiyi üçün zaman-zaman Rusiyadan sərt reaksiyalarla üzləşir. Yenidən Rusiya tərəfə meyillənmək məcburiyyətində qalır”.

Müsahibimizə görə, Paşinyan özü də anlayır ki, onun hakimiyyətə əsas təhlükə Rusiyadan ola bilər. Onu hakimiyyətə gətirən Qərb dairələrinin faktiki olaraq Paşinyanı əvəzləyə biləcək namizədləri yoxdur:

“Həmçinin, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq imkanları Rusiya qədər deyil. Ötən il erməni keşişin aksiyaları zamanı da Paşinyan Rusiyaya dorğu dönüş etmək məcburiyyətində qaldı. 9 may paradında Paşinyanın iştirak etməsi də erməni riyakarlığının və çarəsizliyinin bəsit formada görüntüsü idi".

Arzuxan Əlizadə: Ermənistanın Rusiyanın boyunduruğundan birmənalı qopması və Qərbə yönəlməsi qeyri-mümkündür

A.Əlizadə çatdırıb ki, mayın 7-dək Paşinyanın paradda iştirak etməsinə dair məlumat yox idi:

"Ancaq həmin gün rəsmi olaraq bilindi ki, Azərbaycan Prezidenti Moskvaya getməyəcək. Bundan sonra Paşinyan sanki aktivləşdi və parada getmək qərarı aldı. Yəni elə bir fon yaratmaq istədi ki, "baxın, Azərbaycan rəhbəri gəlmir, amma o paradda iştirak edir". Məqsəd Paşinyanın hansısa dividentlər əldə etməsi idi. Ermənistan mediasında Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə yönəlik məlumatların tirajlanması da buna hesablanmışdı”.

“Paşinyan hakimiyyətini qorumaq üçün Rusiyadan dəstək gözləyir. Bilir ki, Qərbə yönələn kimi dərhal köçəryanlar, sərkisyanlar dirçəlirlər", - deyə Arzuxan Əlizadə bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR