Elə bir dövrdə yaşayırıq ki, səhər evdən çıxan kimi stresslə üz-üzə qalırıq. Tıxaclar, metroda sıxlıq, gecikən avtobuslar, üstəlik hər kəsin əsəbi olması - hamısı günə bir növ yorğun başlamaq deməkdir.
Sanki şəhərin özü belə bizə nəfəs almağa imkan vermir. Elə bil stress gündəlik həyatımızın bir hissəsinə çevrilib, biz də buna öyrəşmişik, amma əslində içdən-içə yoruluruq.
Bəs insanlar stressi ən çox harada yaşayır?
Bakıvaxtı.az şəhər sakinləri arasında kiçik bir sorğu keçirib: “Ən çox harada stress yaşayırsınız?” Cavablar birmənalı olmayıb, amma hamısı bir şeyin altını cızır - şəhər həyatı adamı içdən yeyir.
28 yaşlı Gülər İsmayılova:
“İctimai nəqliyyatda, xüsusilə də səhər saat 8-də metroya minmək? Sanki döyüş zonasına girirsən. Hər an kimsə ayağının üstündə dayanar, ya da üstünə qışqırar”.
“Maşın sürəndə. O tıxaclar var ha... Adam infarkt həddinə gəlir. Elə bil hər səhər bir psixoloji dözümlülük testinə girirəm”,- deyə Rauf İsmayılov bildirib.
Orta yaşlı Nəsibə Əfəndiyeva:
“O gün poliklinikada növbədə elə bildim ürəyim dayanacaq. Hər kəs əsəbi, hamı növbə davası edir".
“İşə gecikəndə və avtobus gəlməyəndə yaşadığım stressi heç düşmənimə arzulamaram. Bəzən elə olur ki, bir insanın bütün gününün kefini bir səhər avtobus sındırır”
Bunu isə təzə iş həyatına başlayan 21 yaşlı Bəyim Cavadqızı deyir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ildə yayımladığı hesabatda qeyd olunur ki, şəhər mühitində yaşayan insanların stressə məruz qalma səviyyəsi kənd əhalisindən 21% daha çoxdur. Xüsusilə də nəqliyyat, iş gərginliyi və ictimai təzyiq səbəbilə şəhərlilərdə ürək-damar xəstəliklərinin riski artır.
Amerikan Psixologiya Assosiasiyasının məlumatına görə isə, gündəlik stressin yuxusuzluq, depressiya və hətta immun sisteminin zəifləməsi kimi nəticələri ola bilər. Üstəlik, bu cür psixoloji yüklənmə uzunmüddətli dövrdə insanların əmək qabiliyyətini də azaldır.
Araşdırmalara əsasən, uzunmüddətli emosional gərginlik və psixoloji yüklənmə ürək-damar sisteminə birbaşa təsir göstərir və infarkt riskini əhəmiyyətli dərəcədə artırır. Stress zamanı orqanizmdə kortizol və adrenalin kimi hormonların səviyyəsi yüksəlir. Bu hormonlar qısa müddətdə orqanizmi qorumağa kömək etsə də, davamlı şəkildə yüksəlməsi qan təzyiqinin qalxmasına, ürək ritminin pozulmasına, damarların daralmasına və damarlarda sərtliyin yaranmasına səbəb olur. Bu hallar isə son nəticədə ürək əzələsinə yük salır və infarkt riskini artırır.
Stressə məruz qalan insanlarda döş qəfəsində ağrı, nəfəs darlığı, ürək döyüntülərində sürətlənmə, başgicəllənmə və ümumi yorğunluq kimi simptomlar müşahidə olunur. Kardioloqlar bildirirlər ki, günümüzdə bir çox insan infarktı yalnız fiziki səbəblərlə əlaqələndirsə də, əslində emosional yük və psixoloji gərginlik də bu riski artıran əsas amillərdəndir.
Mütəxəssislər profilaktika məqsədilə gündəlik fiziki aktivliyin artırılmasını, düzgün və keyfiyyətli yuxu rejiminin formalaşdırılmasını, nəfəs məşqləri və meditasiya kimi stressi azaldan üsullardan istifadə edilməsini tövsiyə edirlər. Zərurət olduqda isə psixoloji dəstək almaq vacib sayılır. Stresslə mübarizə aparmaq yalnız zehni sağlamlıq deyil, eyni zamanda ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Nuriyyə Musayeva