• Bakı 31° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Rusiya olmaq dərdi... - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
14 Aprel 2022 | 16:24

Rusiya olmaq dərdi... - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Rusiyanın dərdi də elə özü boydadı. Ərazisinin böyüklüyü, Allahın bəxş etdiyi təbii sərvətlərinin bolluğu onu xoşbəxt edə bilmir, əksinə problemlərini artırır.

Bir neçə ilin söhbətidir, Kremlin hər yerdə hörmətli vaxtları idi. Böyük yazıçımız Seyran Səxavətlə oturub dərdləşirdik. Seyran müəllim özünəməxsus koloritlə Rusiyanı dəqiq təsvir elədi, dedi ki, oranın dərdi böyükdür. Çünki prezident Putin səhər durub dövləti idarə etməyə başlayanda ölkənin o biri başında yaşayanlar gedib yatır... Həqiqətən də dəqiq təsvirdir.

Başı-ayağı bilinməyən Rusiyanın işləri son vaxtlar lap baş-ayaq düşüb. Ukraynaya qarşı hərbi təcavüz edən Moskva zərbə ardınca zərbə alır. Bir vaxtlar dünyada istənilən qapını açmağa qadir kimi tanınan Kremlin üzünə indi bütün qapılar bağlanıb. Yanında kompüter olmasa ölkələrin, ayrı-ayrı beynəlxalq təşkilatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları sayıb qurtarmaq mümkün deyil. Bir ucdan persona non-qrata elan edilən diplomatları dəstə-dəstə ölkələrdən qovulur.

Bizim gül kimi pomidorumuzu bəyənməyib geri qaytarmağını ciddiyə almayın, Rusiyanın özünü bu dəqiqə bəyənən çox az qalıb. Çünki Ukrayna dünyanın siyasi və iqtisadi baxımdan ağız dadını dəyişib, Rusiyanın adı gələndə artıq hər kəs üz-gözünü turşudur.

Kiyev Moskvanı 50 günə yaxındır ki, təngnəfəs edib. Bu iki ölkə arasındakı müharibə ilə bağlı xəbərləri izləyəndə elə bilirəm Malta-Azərbaycan oyununa baxıram. Rus hərbçilərinin döyüşməyi bizim milli futbolçuların oyunundan o qədər də fərqlənmir.

Dünən axşam xəbər yayıldı ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın hər yerdə fəxr etdiyi “Moskva” raket kreyserini “Neptun” gəmi əleyhinə raketlərlə vurub. Görünür, həqiqətən də həyatda təsadüfü heç nə olmur, ağır zərbə alan “Moskva” siyasi, iqtisadi və hərbi sahədə sağdan-soldan kötəklənən rəsmi Moskvanın indiki real şəklidir.

“Moskva”nın darmadağın olunmasından sonra Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyənlərin, çoxlu sayda mülki əhalinin qırılmasına haqq qazandıranların bircə bayatısı çatışmır:

Dəryada gəmim qaldı,

Biçmədim zəmim qaldı.

Çəkdim Kiyev həsrətin,

Mənə də qəmim qaldı...

Bir zamanlar dünyaya meydan oxuyan Rusiya heç kimi eşitmək istəmirdi, necə deyərlər, Moskva göz yaşlarına inanmırdı. Ukrayna hadisələri başlayandan Moskvanın göz yaşlarına inanan yoxdu.

Rusiya olmaq böyük dərddir. Elə Rusiyanın özü boyda bir dərd... 


SON XƏBƏRLƏR

10 Iyul 2025