Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb.
Yüksək səviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsində vacib rolu xüsusi vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da geniş əlaqələrin mövcud olduğu bildirilib.
Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərlərinin, fəal təmaslarının bu əlaqələrə dinamizm verdiyi qeyd edilib. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında da əməkdaşlığından məmnunluq ifadə olunub.
Milli Assambleyanın sədr müavini Macarıstan Parlamentinin spikeri Laslo Koverin salamlarını və xoş arzularını Milli Məclisin sədrinə çatdırıb. O, ölkəsinin dost Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini ifadə edib.
Görüşdə xalqlarımızın oxşar dəyərləri bölüşdüyü qeyd olunaraq, humanitar sahədə əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa xidmət etdiyi, təhsil, mədəniyyət sahələrində uğurlu əlaqələrin qurulduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.