ABŞ və Rusiya prezidentiləri Donald Trampla Vladimir Putin avqustun 15-də Alyaskada, Ankaric şəhərindəki Elmenorf-Riçardson hərbi bazasında tarixi görüş keçiriləcək. Bu sammit yalnız iki ölkənin liderləri arasında bir dialoq yox, həm də beynəlxalq siyasətdə mühüm dönəm nöqtəsi hesab olunur.
Bakıvaxtı.az-ın məlumatına görə, CNN bildirir ki, hazırda Alyaskada turizm mövsümü olduğundan iki lider üçün uyğun məkanların sayı məhdud olub. Aparılan araşdırmalar nəticəsində hərbi baza, görüşün bütün təhlükəsizlik və logistika tələblərinə cavab verən yeganə məkan kimi seçilib.
Bu sammitin əhəmiyyəti sadəcə formal diplomatik görüşlərlə ölçülmür. ABŞ və Rusiya arasında uzun illər davam edən gərginliklər, Ukrayna cəbhəsində gedən proseslər və qlobal enerji bazarındakı strateji maraqlar görüşün arxa planını formalaşdırır. Alyaska sammiti həmçinin Putinin müharibənin gələcəyinə dair mövqeyini, Trampın isə diplomatik təşəbbüsləri hansı şəkildə irəli aparacağını test edəcək. Hazırda sammitə hazırlıq işləri intensiv şəkildə davam edir və bu görüş beynəlxalq ictimaiyyətin diqqətini bir daha regiona yönəldəcək.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, Alyaskada keçiriləcək görüş sadəcə bir test xarakteri daşıyır. Putinin müharibəni bitirmə niyyətini hansı kontekstdə dəyərləndirdiyi, oktyabra qədər atəşkəslə bağlı hansı addımları atacağı yoxlanılacaq. Bu görüşdən böyük nəticələr gözləmək olmaz. Rusiyaya yalnız müəyyən vədlər veriləcək; məsələn, ABŞ şirkətlərinin Rusiyaya investisiya qoyması və digər stimul mexanizmləri gündəmə gətiriləcək.
"Paralel olaraq, Ukrayna cəbhəsində vəziyyət gərgindir. Bu gün Donbass ətrafında 100 minə yaxın Rusiya qoşunu döyüş vəziyyətindədir və proseslər sürətlə irəliləyir. Moskva Alyaska görüşünə qədər Donbass əməliyyatını yekunlaşdıraraq sərhədləri tam nəzarət altına almağı hədəfləyir. Putinin “yay əməliyyatları” ilə bağlı aydın, konkret hədəfləri var",- müsahibimiz əlavə edib.
Natiq Miri: Rusiyanın böyük itkilər görməsi yalnız bundan sonra danışıqlar üçün real zəmin yaradacaq
Onun sözlərinə görə, Putin müharibəni bitirmək niyyətində deyil; bunun üçün qarşısına əngəllər qoyulmalıdır. ABŞ isə bu səbəbdən Rusiyanın neft gəlirlərinə məhdudiyyətlər tətbiq edərək büdcəsini minimuma endirmək, beləliklə də müharibənin maliyyələşdirilməsini çətinləşdirmək istəyir:
"Müharibəni dayandırmaq istəyən tərəf isə Ukraynaya elə silahlar verməlidir ki, Rusiyanın dərinliklərindəki strateji obyektlərə və canlı qüvvəyə ciddi ziyan dəyə bilsin. Rusiyanın böyük itkilər görməsi yalnız bundan sonra danışıqlar üçün real zəmin yaradacaq. Hava müdafiə sistemləri və ballistik raketlər, indiki şərtlərdə, əvəzolunmazdır. Çünki Rusiya, mövcud üstünlüklə, niyə masaya otursun ki?".
Həmsöhbətimiz əlavə edib ki, nəticə yalnız qərb dünyasının vahid mövqe ortaya qoyub iqtisadi sanksiyaları ardıcıl həyata keçirməsindən sonra olacaq:
"Trampın kobud yanlışı müharibəni qısa müddətə dayandıra bilər, lakin dayanan nöqtə yalnız yeni hücumların başlanğıcı olacaq. On minlərlə can hələ qurban verilib, amma bu gün Tramp Ukrayna rəhbərliyindən tələb edir ki, Donbass kimi mühasirədə olan şəhərlər birbaşa Rusiyaya təhvil verilsin. Bu şəhərlər elə bir "qala"dır ki, onların ələ keçirilməsi Xarkov və digər strateji ərazilərə yol açacaq. Trampı isə sülh deyil, Nobel mükafatı maraqlandırır".
Əli Hüseynov