Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi baş tutub.
Bu tədbir çərçivəsində Laçının Seyrəngah adlanan ərazisində “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Bu sərgi MDB ölkələri coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.
İştirakçı rəssamlar arasında Rusiyadan Yuliya Jukova, Belarusdan Kirill Orsik, Özbəkistandan Bobir Vaxobjanov, Qazaxıstandan Aıyp Alakunov, Qırğızıstandan Oralbek Kaboke, Tacikistandan Abdurahim Caborov, Azərbaycandan Vüqar Əliyev, Azər Abdullayev, Eldar Babazadənin əsərləri Laçının ən hündür məkanlarından olan Seyrəngahda sərgilənib.Sərgi iştirakçı ölkələrin mədəni irsinin gözəlliyini və müxtəlifliyini nümayiş etdirilib.
"Art in Action" adlanan layihə çərçivəsində, fərdi ifadələrin birləşərək necə güclü və ahəngdar bir bütöv yarada biləcəyini araşdırmaq məqsədilə "Birlik Rəngləri" adlı innovativ tədbir izləyicilərdə dərin təəssürat yaratdı.
Bu sərgidə iştirak edən hər bir rəssam, Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını ortaq bir kətana əks etdirdi. Bu kollektiv proses, sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında birləşməsinə imkan yaratdı.
Nəticədə, doqquz fərqli rəssamın öz bacarıqlarını birləşdirərək vahid bir əsər yaratdığı möhtəşəm bir sənət nümunəsi ortaya çıxdı. Yaranan bu əsər, tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.