ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutacaq tarixi sammit sadəcə iki lider arasında dialoq deyil, həm də beynəlxalq siyasətdə kritik dönəm nöqtəsi kimi qiymətləndirilir.
Alyaskada hazırkı turizm mövsümü səbəbindən iki lider üçün uyğun məkanlar məhdud olub və aparılan araşdırmalar nəticəsində hərbi baza görüşün təhlükəsizlik və logistika tələblərinə cavab verən yeganə məkan kimi seçilib.
Sammitin əhəmiyyəti yalnız protokol qaydaları ilə ölçülmür. ABŞ və Rusiya arasında uzunmüddətli gərginliklər, Ukrayna cəbhəsindəki vəziyyət və qlobal enerji bazarındakı strateji maraqlar bu görüşün arxa planını müəyyən edir. Alyaska görüşü həm Putinin müharibənin gələcəyinə dair planlarını, həm də Trampın diplomatik təşəbbüslərini sınaqdan keçirəcək. Hazırda sammitin hazırlıq işləri intensiv şəkildə davam edir və bu görüş beynəlxalq ictimaiyyətin diqqətini bir daha regiona yönəldəcək.
Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, çox maraqlı görüş gözlənilir:
"Belə vəziyyətdə görünür ki, Putin Trampla "dil tapmağa" çalışır və müharibəni indiki şəkildə dayandırmaq niyyətindədir. Onun bu sahədə nə qədər imkanının olduğunu isə zaman göstərəcək. Əgər məqsəd torpaqları Rusiyaya verərək həm Rusiyanı qazanmaq, həm də Ukraynaya təsir etməkdirsə, bu, ağıllı bir strategiya hesab oluna bilər. Burada böyük razılaşmalar ehtimalı da var".
Əziz Əlibəyli: Avropa İttifaqı Rusiyaya daha kəskin addımlar atmağa meyllidir
Onun sözlərinə görə, ehtimalları gücləndirən maraqlı səbəblər mövcuddur. Avropa İttifaqı proseslərdən kənarda qalır, eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenski də görüşdən uzaqdır. Gedişat göstərir ki, belə bir görüş ərəfəsində Aİ Rusiyaya qarşı yeni sanksiya paketini qəbul edib. Şimal Axını boru xəttinin bərpası ilə bağlı Tramp xoş niyyət nümayiş etdirirdi, lakin Aİ bunu da hədəfə alıb.
"Bəzi mənbələr iddia edir ki, Trampa yaxın dairələr belə bir fikri irəli sürürlər: görüş ərəfəsində Zelenski, Böyük Britaniya, Almaniya və Fransa Aİ rəhbərlərinə anti-Rusiya mövqeyindən çəkinsinlər. Lakin Aİ daha kəskin addımlar atmağa meyllidir",- Əziz Əlibəyli əlavə edib.
Əli Hüseynov